Rəhman Əhmədov “QHT-lərlə bağlı aparılan son dəyişkilər vətəndaş cəmiyyətini sıxışdırmaq məqsədi daşıyır”.

Prezident İlham Əliyevin ötən il noyabrın 19-da “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və“Qrantlar haqqında” qanunlara Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi düzəlişləri təsdiq etməsindən bir il ötür. Bu nüddətdə qanuna edilən dəyişikliklər nə kimi effekt verdi? Bununla bağlı Dəyər” Demokratiyanın İnkişafına Dəstək İnstitutu İctimai Birliyinin sədri Rəhman Əhmədovla söhbətləşdik.

QHT-lərlə bağlı son qəbul olunmuş qanunverciliyə dəyişiklikləri necə qəbul edirsiniz?images (6)

Milli Məclisin plenar iclasında qəbul edilmiş və QHT fəaliyyətini məhdudlaşdıran qanunvericiliyə əlavə və dəyişikliklərdən son dərəcə narahatedicidir. Təklif edilən dəyişiklik və əlavələr QHT-lərin fəaliyyətini ciddi məhdudlaşdıran, onların üzərinə çətin hesabat vermə öhdəlikləri qoyan maddələri özündə ehtiva edir və fundemantal birləşmək azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Qanunlara əlavə və dəyişikliklər edilərkən vətəndaş cəmiyyəti nümayəndələri təklif edilən qanun dəyişiklikləri və əlavələrini əldə edə bilməmiş, ancaq onların bəzilərinə yerli mediada rast gəlmək olmuşdur ki, nəticədə dəyişikliklər ictimai müzakirələrdən kənar, parlamentdə qəbul edilib.

Bir sözlə, düzəlişlərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda QHT-lərin və xarici donorların fəaliyyəti yalnız dövlətin razılığı ilə həyata keçirilə bilər. Formal olaraq hakimiyyət yenilikləri şəffaflıq və qrantlardan məqsədəuyğun istifadə zərurəti, habelə QHT-lərin xaricdən çox maliyyələşdirilməsinə ehtiyac olmaması ilə izah edir.

Qəbul edilmiş dəyişikliklər QHT-lərə qarşı güclü təzyiqlərin olduğu ərəfədə Azərbaycan höküməti tərəfindən irəli sürülüb. Bu ilin yazında ianə ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərə görə QHT-lər ianələri ancaq bank köçürməsi vasitəsi ilə ala bilərlər və onlardan bu barədə Maliyyə Nazirliyinə məlumat vermək tələb olunur. Daha sonra, bu il ərzində Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərə görə əcnəbilərin könüllü olaraq yerli QHT-lərdə işləməsi qadağan olunub. Həmçinin, 2013-cü il prezident seçkiləri öncəsi bir neçə təşkilatlar, o cümlədən seçkilərin müstəqil qiymətləndirməsini aparan nüfuzlu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) hüquq mühafizə orqanları tərəfindən cinayət ittiamı ilə qarşılaşıb və daha sonra vergi yoxlamalarına, cinayət işi araşdırmalarına və xarici səfər məhdudiyyətlərinə məruz qalıb.

Konkret olaraq, hər hansı faktınız varmı?

Vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərin davamı olaraq SMDT-nin sədri Anar Məmmədli barəsində Nəsimi rayon məhkəməsi 16 dekabr 2013-cü il tarixdə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

04 avqust 2014-cü ildə “İnsan hüquqları klubu” İctimai Birliyinin sədri Rəsul Cəfərov, Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilərək həbs edilib.

Vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərin davamı olaraq qanunvericiliyə qəbul edilmiş əlavə və dəyişikliklər əsasən, vətəndaş cəmiyyətinin siradan çixarılmasına hesablanmış təşəbbüsdür. Düşünürəm ki, bu qərar geriyə doğru addımdır.

Biz bir daha Azərbaycan hökümətindən ölkədə qeyri hökümət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyi beynəlxalq insan hüquqları sənədlərində müəyyən edilmiş standartlara uyğunlaşdırmağa və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aparılan davamlı təzyiqlərə son qoymağa çağırırıq.

Əks halda ölkənin beynəlxalq nüfuzu sual altına düşəcəkdir.