Deputat Əli Məsimli son zamanlar ölkədə ərzaq məhsullarının bahalaşmasına şərh edərkən belə deyib.
“Təəssüf ki, həmişə olduğu kimi, bu il də Novruz bayramı ilə əlaqədar olaraq əhalinin daha çox işlətdiyi malların qiymətləri artdı. Bu qiymət artımının təbii və süni tərəfləri var”, – deyə o vurğulayıb.
Ə. Məsimlinin fikrincə, bunun təbii tərəfi məhsulun istehsalına, daşınmasına, saxlanmasına və sairə çəkilən xərclərdəki artmasıdır.
Deputat deyir ki, dollar bahalaşanda qiymətlər artır. Dollar ucuzlaşanda isə qiymət ucuzlaşması baş vermir. O, bunu qiymət artımında süni səbəblərin də mövcudluğu ilə izah edir:
“Amma, dünyanın heç bir ölkəsində qiymətlər hər gün, hər həftə milli valyutanın devalvasiya faizi səviyyəsində qaldırılmır”.
Deputat kənd təsərrüfatı nazirinin qiymətlərin o qədər də çox qaldırılmadığı haqda açıqlamasına da münasibət bildirib:
“Əvvəlcə onu deyim ki, belə yanaşma qüsurludur. Ətin qiyməti enməyib, əksinə, əhəmiyyətli dərəcədə artıb. Araşdırmaq lazımdır ki, ətin qiyməti niyə belə sürətlə artmağa başlayıb”.
Ə. Məsimli deyir ki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır.
Deputat hesab edir ki, xalqla danışanda haqq-hesabı düzgün aparmaq lazımdır:
“Bizdə monopoliya heç bir iqtisadi qanunauyğunluğun işləməsinə imkan vermir”.
Əli Məsimlinin fikrincə, müəyyən obyektiv və subyektiv səbəblər üzündən süni qiymət artımı ilə mübarizə yetərli səviyyədə deyil:
“Süni qiymət artımının qarşısının alınmasının etibarlı yolu idxal etdiyimiz məhsulların mümkün hissəsinin istehsalını Azərbaycanda təmin etməkdir. Ölkədə məhsul istehsalı artımına nail olmaqdan ötrü sahibkarlar qarşısında duran bütün maneələr sona qədər aradan qaldırılmalıdır”.
Deputat bildirir ki, sahibkarı müəyyən rəsmi qurumlar müxtəlif bəhanələrlə soyursa, o da rüşvət verdiyi pulu malın qiymətinin üstünə qoyur.
“Deməli, sonunda korrupsionerin pulunu da sonda əhali ödəyir”, – deyə deputat qeyd edib.