“Ölkədə artıq 3-ilə yaxındır ki,qazla zəhərlənmə kütləvilik təşkil edir”

Ötən il ərzində 500 nəfər dəm qazından zəhərlənmə ilə Klinik Tibbi Mərkəzə müraciət edib. Bundan başqa 2017-ci il başlayandan bu günə qədər mətbuatda dəm qaızndan zəhərlənərək həyatlarını itirənlərin sayı da az deyil. Mart ayının ilk günlərində 8 nəfərin ölümünün şahidi olduq.
Təbii qaz insanı zəhərləmir, boğur
Mirvari Qəhrəmanlı: «Bu ölümlərin səbəbi qəsdənmi, ya təsadüfənmi, nədənsə araşdırılmır»
Bəs dəm qazından zəhərlənmə hallarının araşdırılması ilə bağlı xüsusi komissiya yaradıla bilərmi?
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı  açıqlamasında bildirdi ki, ölkədə artıq 3-ilə yaxındır ki,qazla zəhərlənmə kütləvilik təşkil edir: “Təssüflər olsun ki, bununla bağlı hələ də lazımi araşdırmalar aparılmayıb. Bu ölümlərin səbəbi isə qəsdənmi, ya təsadüfənmi, nədənsə araşdırılmır. Qazla zəhərlənmələrin araşdırılması üçün dövlət səviyyəsində komissiya yaradılmalıdır. Bura əsasən peşəkar insanlar cəlb olunmalıdır. Məsələ ciddi araşdırılıb, təklif, tövsiyyələr hazırlanmalı və günahkarlar ciddi cəzalanmalıdır. Dəfələrlə ekspertimiz tərəfindən araşdırmalar bizi bu qənaətə gətirir ki, qaza adarant maddəsi (iyi hiss etmək üçün) vurulmur. 1000 kub metr qaza  qışda 16, yayda isə 8 qram adarant vurulmalıdır. Adarant ondan ötrü vurulur ki,sızma olanda insanlar hiss etsinlər. Ancaq qaza hava çox vurulur-yanma tam getmir. «Azəriqaz»da struktur islahatları aparılarkən nazirlər Kabinetinin qərarı ilə  texniki baxış şöbəsi ləğv olunub FHN-ə verildi. Evlərdə qaz cihazlarının texniki vəziyyətin artıq heç bir qurum yoxlamır”.
M.Qərəmanlı sual edir ki, niyə qaz itkiləri, qazla zəhərlənmələr araşdırılmır? 
«Bax bu bir müəmmadır. Axı bu kütləvi surətdə insan hüquqlarının pozulmasıdır. Bu vaxtadək kimsə işdən azad olunmayıb. İnsanın ölümünə səbəb olan fəaliyyət araşdırılmalıdır. Ən pisi də odur ki, qeyri-peşəkar işçilər çoxluq təşkil edir. Heç nə araşdırılmır. Sadəcə qaldırılan faktları ört basdır edirlər. Yazılar həmin faktların örtülməsinə köməklik edir” – deyə Mirvari Qəhrəmanlı əlavə edib.
İlham Şaban: «İnsanlar 20 manata qıymır, canlarına qıyırlar»
İqtisadçı ekspert İlham Şaban hesab edir ki, “Azəriqaz”ı qazı kəsdikləri, xəbərdarlıq etmədikləri, təmir işləri apardıqları üçün günahlandırmaq olar. Çünki qurumun nümayəndələri mətbuata məlumat verməklə yanaşı, səs gücləndiriciləri ilə gəlib əhaliyə xəbərdarlıq edə bilərlər.
Ekspertin Bakupost.az-a bildirdiyinə görə, əhali siqnalizasiya aparatından istifadə edərsə, belə halların qarşısı alınar: “Əvvəllər də bu cür hadisələr olurdu, insanlar ölürdülər. Amma əvvəllər müəyyən vasitələrdən istifadə edirdilər. Məsələn, evlərin bacaları olurdu, ya da nəfəsliyi açırdılar. İndi isə hər yeri bağlayıb yatırlar. Əgər 20 manatlıq siqnalizasiyanı alsalar, belə olmaz. Zəhərlənmənin miqdarı artan kimi biləcəklər. 2007-ci ildən bunu deyirlər. Amma insanlar pullarına qıyıb canlarını xilas etmirlər”, – deyə ekspert bildirir.
“Azəriqaz”: “Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindir”
 
Dəm qazı zəhərlənmələri ilə bağlı məsuliyyəti “Azəriqaz” da öz üzərinə götürmür. 
İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev mətbuata açıqlamasında bildirib ki, qazın tərkibi ilə məsələ SOCAR-ın səlahiyyətindədir: “Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.