Beyin əməliyyatından çıxan şair Rüstəm Behrudi Azadlıq Radiosuna müsahibə verib. 3 aydır yataq xəstəsi olduğunu deyən şair çəkdiyi əzablardan danışıb:
“Çox əziyyətli əməliyyat idi. Beyin əməliyyat idi, çox ağır keçdi. Nəsə, keçib gedəcək bunlar. Əsas odur ki, Azərbaycandakı bu durum keçib getsin, durum dəyişsin. Qalan şeylər düzələcək. Hazırda ölkədə adamların iqtisadi vəziyyəti çox acınacaqlıdır. Dünən bir qohumum danışır, marketə girib, bir qadının pulu yoxdur, ancaq nəsə almaq istəyir, başdan etmək üçün bir selofana 3 yumurta qoyublar ki, götür çıx get. Həmin qohum ona bazarlıq edib. Ürəyim ağrıdı, dedim ki, kömək etməsəydin, səni evə buraxmayacaqdım. Bir qadın mağazaya girib övladı üçün, yaxını üçün istədiyini ala bilmirsə… Azərbaycan nə boyda dövlətdir ki? Bu boyda var-dövlətin içində bunu bacarmırsa, deməli, Azərbaycan yaxşı durumda deyil”.
Rüstəm Behrudi həbs olunan gənclərdən də danışıb:
“İki-üç nəfər cavan uşağı tutublar. Onların işinə baxıram. Bu uşaqlar o cinayəti işləyiblərsə belə, məhkəmənin onlara bu qədər iş verməsi həm qanunsuzdur, həm də insafdankənar bir şeydir. Cavan bir uşağın ən gözəl illəri həbsxanada keçəcək, özü də heç bir cinayət törətmədən, qətl törətmədən, oğurluq etmədən. Bununla bağlı cavan bir blogerə şeir yazıb “Facebook”-da paylaşmışdım. Bu adamları cəzalandırmağın başqa yolu var da. Amma bunu azadlıqdan məhrum etmək? Ən qatı cinayətkarları azadlıqdan məhrum edirlər. Qətl törətsə, namus üstündə… Bu adam neyləyib? İçindəki fikri açıq söyləyib. Buna görə adamı tutmazlar ki… 1988-ci ildə fevralın 19-da Bakıda yüz min tələbəni meydana təkbaşına mən aparmışam. İndi dostlarım mənə deyirlər ki, niyə susursan? Cavab verirəm ki, bu gün-sabah mənim 60 yaşım olacaq. Özü də mən bir də həbsxanaya düşsəm, ordan çıxmayacağam. Ürəyimdən əməliyyat olunmuşam, sonra beyin əməliyyatı keçirmişəm. Ancaq bu cür haqsızlıqların qabağında adam susa da bilmir. Mən həbsxanada təkadamlıq kamerada yatmışam. Onun bir gününün nəyə bərabər olduğunu yaxşı bilirəm. Məni ağrıdan da cavan uşaqları azadlıqdan məhrum etmələridir. Ağır bir şeydir. Onlar həbsxananı görməyiblər, axı. Mənim çox sevdiyim İsa peyğəmbərin bir sözü var: “Bir adam haqda mühakimə yürüdəndə özünü onun yerinə qoy. Verdiyin qərar ondan asılı olacaq”. İndi o adamlar həbsxananı görməyiblər, elə bilirlər gedib orda istirahət edəcəklər. Adi bir sözə görə birinə 2 il, birinə 5 il, o birinə 10 il iş verirlər. Düz deyil”.
R.Behrudi 10 il azadlıqdan məhrum olunan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimli barədə də danışıb:
“Onlar o heykəli yazıblarsa belə… Mərhum prezident Heydər Əliyev böyük adamdırsa, bu sözlər ona neyləyər, hə? Böyükdürsə, bu söz ona neyləyər? Onun üstündə bir adama 10 il iş vermək olar? Bir sözə görə, hə? Böyüklük o olardı ki, onu bağışlayasan! Vurub adam öldürüb ki, o qədər iş verirsən? Uşaqdı, etiraz edib. Onun da ağlı o cür kəsir. Etiraz edib ki, mən bu gül bayramını istəmirəm, buna xərclənən pulları istəyirəm bizə xərcləyəsiniz. Səhv deməyib ki? Bu da onun istəyidir də. Yəni o cümləni Heydər Əliyevin heykəlinin altına yazmaqla o böyüklükdən düşdü? Yox”.
Bütün bunlarla belə şair bədbin deyil:
“Gələcəyə naümid baxmaq olmaz. Nazim Hikmətin gözəl şeiri var ki, biz gözəl günlər görəcəyik, dostlar. Görəcəyik. Mən yaşda adam da Azərbaycanın gələcəyinə ümidlə baxır. Azərbaycanın gələcəyi təkcə bu Azərbaycandan asılı deyil. Azadlıq hərəkatının mərkəzi nə qədər Təbrizə keçməyib, problemlər həll olunmayacaq.
Mən Türkiyədə əməliyyat olunanda, bu ölkədə yaşayan nə qədər azərbaycanlı gəldi yanıma, Mərənddən, Ərdəbildən gəldilər. Dar ağacına salam vermək istəyənlərin əksəriyyəti gəldi. Bu adamlar varsa, deməli, mübarizə də davam edir. Elə qurdağızlı uşaqlar var ki, mən mübarizədə onlara arxayınam. Ləyaqətsiz, harın zümrə də var, düzdür, ancaq ona qarşı dayanan, millətin taleyində müstəsna rol oynayacaq gənclik də var. Mən onu da görürəm. Bədgüman olmaq olmaz!”
“Azərbaycanın adı beynəlxalq qurumların hesabatlarında axırıncı yerlərdə qərarlaşır, ölkə beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur, nüfuzlu platformalardan çəkilir, qonşular burada baş verənləri “kötü örnək” kimi göstərir, bu yolun yanlış olduğunu söyləyərək, öz ölkələrində buna dirəniş göstərməyə çağırırlar…” – sualına şair belə cavab verib:
“Ağa Məhəmməd şah Qacarla Vaqifin başına gələnləri bilirik. Sürətli qloballaşma, inteqrasiya dövründə hadisələr bir gecənin içində də dəyişə bilər”.