“Əgər Azərbaycanın investisiya mühiti normal olsaydı, iş adamları Gürcüstana axışmazdı”.

Baş naziri Artur Rasizadə paytaxtın 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb.

Qərara əsasən, “Xruşovka” kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq və iş üzrə sifarişçi funksiyasını Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.загружено (2)

Xərclənəcək vəsaitə gəlincə, ekspertlər deyir ki, tikinti üçün təxminən 60 milyon manat lazım olacaq. Söküntünü, köçürmələri, sənədləşmələri əlavə etdikdə, vəsait 100 milyona çatır.

İqtisadçı Qadir İbrahimlinin fikirincə:

Birinci aspekti ondan ibarətdir ki, hökumət indiyə qədər işsizlik problemini tikinti sektoru hesabına aradan qaldırırdı və bu gedişat neftin qiymətinin yüksək olduğu zamana təsadüf edirdi. Bura böyük söküntü layihələri daxil idi, söküntülər hesabına iş yerləri yaranırdı və təbii olaraq əhalinin gəlirləri də artırdı. Müəyyən qruplar da bundan maliyyə imkanları qazanırdı. Artıq böyük neft gəlirləri gözlənilmir və bu proses yaxın illərdə də davam edəcək.

Qadir İbrahimli hökumətin yenidən işsizlik problemini həll etmək üçün hansısa inzibati rıçaqlarla tikinti sektoruna qayıtmaq istəyini uğurlu cəhd saymır:

“Əvvəla, dövlətin maliyyə imkanları o həddə deyil ki, yenidən “tikinti bumu”nu bərpa etsin. Məsələ ondadır ki, ölkənin gəlirləri bu layihəyə adekvat deyil. Maliyyə krizisi müəllimlərin maaşını, pensiyaları zamanında ödəməyə imkan vermirsə, tikinti layihələrini necə maliyyəşdirmək olar?! İpoteka Fondu da ötən ildən dayanıb və gələcəyini düşünən hansısa bank ipoteka üçün vəsait ayırmır. Yerli və xarici investorlara gəlincə, ikincilər Azərbaycana investisiya yatırmaqda maraqlı deyillər. Çünki ölkədə biznesin təhlükəsizliyinin heç bir təminatı olmadığından onlar riskə getmək istəmirlər. Yerli investorlar haqda danışanda, Zülfüqarlı qardaşlarının, “Azpetrol” sahiblərinin aqibəti hər kəsə bəlli olduğundan kimsə yatırım qoymağa ehtiyat edir. Həm də yerli investorların ciddi imkanları yoxdur. Onların imkanları olsa da, Azərbaycanın tikinti sektoruna investisiya yatırmaqda maraqlı deyillər. Bugünlərdə məlum oldu ki, 2016-cı ildə Gürcüstana qoyulan 600 milyon dollarlıq investisiyanın 35 faizi Azərbaycanın payına düşür. Əgər Azərbaycanın investisiya mühiti normal olsaydı, iş adamları Gürcüstana axışmazdı”.