“Əksəriyyətimiz istəyərdi ki, biz də Gürcüstan vətəndaşları kimi Avropa Birliyi ölkələrinə vizasız gedib-gələ bilək. Və bu mümkün idi. Azərbaycan da Avropa Birliyi ilə inteqrasiya yolunu tuta bilərdi. AB ilə Assosiasiya sazişi imzalansaydı, nəinki Avropaya vizasız gedib-gəlmək həll olunardı, üstəlik ölkədə təhsilin, səhiyyənin, polisin, məhkəmələrin, bir sözlə, idarəetmənin səviyyəsi Avropa standartlarına yaxınlaşardı (Gürcüstanda olduğu kimi). Ancaq hakimiyyət bu imkandan imtina etdi. Çünki Avropa Birliyilə Assosiasiya sazişi imzalanması həm də demokratikləşməyə, islahatlara hazır olmaq öhdəliyi idi. Rejim dedi ki, təki hakimiyyətimiz uzunömürlü olsun, milyonlarla sadə azərbaycanlının həyatı nə vecimizə.
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) da 15-20 il bundan qabaq qoşula bilərdi (hələ də danışıqları uzadaraq, bu təşkilata qoşulmayıblar). Bu təşkilata qoşulmaq, onun standartlarının ölkəmizdə tətbiqi də iqtisadiyyatın daha azad, rəqabətqabiliyyətli olmasına, gömrük və vergi sisteminin islahatına şərait yaradardı. Yerli istehsal inkişaf edər, yerli sahibkarların məhsullarını dünya bazarına çıxarması asanlaşardı, iqtisadiyyat xeyli inkişaf edərdi, bir sözlə, milyonlarla soydaşımızın həyatını müsbətə dəyişərdi. Amma olmadı. Ölkədə azad rəqabət mühüti yaranmasın, monopolistlərin, korrupsionerlərin marağına zərər dəyməsin deyə rejim bu günə qədər də ÜTT-yə də qoşulmaqdan imtina edir.
Öz kürsü maraqlarına görə Avropa Birliyilə Azərbaycan xalqının maraqlarına tam uyğun olan Assosiasiya sazişi imzalamaqdan imtina edən, iqtisadi inkişaf üçün geniş imkanlar yaradan ÜTT kimi təşkilatdan ölkəni məhrum edən bir zehniyyətin Beynəlxalq Şəffaflıq koalisiyasından (MHŞT) imtinası təəccüb doğurmamalıdır. Yaxşılıq deyil ki, əllərindən gəlməsin. Bu xalqa işıq gələn istənilən pəncərəni tıxamağa hazırdırlar.”