“Ətin bahalaşmasına səbəb hökumətin pambıq sevdasına düşməsi oldu.”

Ölkədə mal-qara tapılmır; ətin kilosu 13 manata çatıb, toyuq əti və yumurta da bahalaşır. Son günlər mal əti ilə yanaşı toyuq əti və yumurtanın da qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq, 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.
Bəs bahalaşmanın səbəbi nədir? Bu artım nə vaxtadək və hansı həddə kimi davam edəcək?NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuio
Bazarda yaşanan bu durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, həm quş ətinin və yumurtanın, həm də mal və qoyun ətinin bahalaşmasının bir neçə səbəbi var:
“Bu, həm də hökumətin atdığı səhv addımların nəticəsidir. Biz bu barədə öncədən xəbərdarlıq etmişdik ki, xaricdən gələn quş ətinin rüsumları qaldırılarkən, yerli istehsal artmayıbsa, tələbatı ödəmək qabiliyyətində deyilsə, bu, sadəcə, yerli istehsalçılara bir imkan yaradacaq ki, heç nə etmədən, sadəcə, xaricdən gətirilən quş ətinin bahalaşmasından istifadə edərək öz məhsullarını bahalaşdırsınlar. Qiymət artımının səbəblərindən biri budur. İkincisi təbii ki, bayramlarla əlaqəlidir. Bayram öncəsi ət məhsullarına tələbat artır, yerli istehsalın da yetərincə zəif olması səbəbindən tələbat tam ödənilmir. Bu da qiymət artımına səbəb olur. Bayram öncəsi qiymətlərin qalxması Azərbaycanda çox pis bir ənənədir. Xaricdə isə bunun tam əksidir, bayramda qiymət endirimləri olur”.
İqtisadçının sözlərinə görə, mal və qoyun ətinin bahalaşmasının səbəblərindən biri də Azərbaycan hökumətinin ötən il pambıq sevdasına düşməsi oldu: “Pambıq əkinləri əsasən heyvan yemi üçün nəzərdə tutulan örüş sahələrində pambıq əkilməsi yemin qiymətini bahalaşdırdı. Yemin qiymətinin qalxması isə mal və qoyun ətinin qiymətini də artırdı.
Digər səbəb isə ölkədə ümumi inflyasiyanın artması və qiymət artımıdır. Bu, istehsalçıları məcbur edir ki, öz gəlirlərinin artması üçün qiyməti qaldırsınlar. Bir neçə bir-biri ilə bağlı olan səbəblər var ki, bu seqmentdə qiymət artımına təkan verdi. Yaxın gələcəkdə bu prosesin sürətlənməsi ehtimalı da var. Bu, həm manatla bağlı gözlənilən məzənnə itkisi, eləcə də mövsümi amillərlə bağlı ola bilər”.