Həbsdə olan jurnalist Fikrət Fərəıməzoğlunun həyat yoldaşı Faiqə İbişbəylinin telefon nömrəsini “Facebook”-da yayan şəxsin həbs edildiyi deyilir. Bu barədə Meydan TV-yə Faiqə İbişbəyli məlumat verib. Bildirib ki, Daxili İşlər Nazirliyindən ona zəng edərək idarəyə dəvət ediblər. Ona nömrəsini yayan şəxsin həbs edildiyini söyləyiblər:
“Əminəm ki, tutulan şəxs mənim nömrəmi yayan deyil. “Bandotdel”in adının hallanmamağı üçün sıradan birini həbs edib, işi boynuna qoymaq istəyirlər. Əminəm ki, nömrəmi “Bandotdel”-in əməkdaşları yayıb. Buna sübutlarım da var”.
Faiqə İbişbəyli daha öncə də oxşar durumla rastlaşdığını deyir. Bildirir ki, noyabrın 3-də müstəntiq vəkili təhqir edib. Bundan sonra vəkil və özü ilə bağlı böhtan xarakterli məlumatlar yayılıb: “Bütün bunların gedən prosesin davamı olduğuna əminəm”.
Fevralın 24-də həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun xanımı Faiqə İbişbəylinin “Facebook”-da telefon nömrəsi paylaşılıb. Həmin məlumatda onun əxlaqsız xidmət göstərdiyi qeyd edilib. Xanım nömrəsinin hüquq-mühafizə orqanları tərəfindən yayıldığını düşünür. O, həyat yoldaşının həbsdə keçən 8 ayını hüquq-mühafizə orqanlarının təhdidləri ilə yaşadığını söyləyir.
Faiqə İbişbəyli təhdidlərlə bağlı Daxili İşlər Nazirliyinə və Prezident Administrasiyasına şikayət ünvanlamışdı.
Fikrət İbişbəyli (Fərəməzoğlu) ötən il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.