Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” (HRW) siyasi fəal Orduxan Teymurxanın ailə üzvlərinə edilən basqıları pisləyir.
Təşkilat bununla bağlı bəyanat yayıb.
46 yaşlı fəal Orduxan Teymurxan Niderlandda yaşayır. O, videobloqunda və sosial şəbəkələrdə Azərbaycan hökumətinə tənqidi fikirlərinə görə tanınır.
“Dediyinə görə, fevralın 18-də bir polis işçisi ona zəng vuraraq 12 yaxınının, o cümlədən ikiyaşlı bacısı uşağının polis məntəqəsində olduğunu bildirib. Polis əməkdaşı yaxınlarının düşdüyü duruma görə fəalı günahlandırıb. Orduxan Teymurxan polis əməkdaşının səsini yazıb. Bu xəbər yayılandan sonra onun yaxınlarının çoxunu buraxsalar da, qardaşı və qardaşı oğlu polisə tabe olmamaqda günahlandırılaraq 30 günlük həbs cəzası alıblar”.
HRW Orduxan Teymurxanın yaxınlarının bundan əvvəl də dindirildiyini, nəzarətdə saxlanıldığını və hədə-qorxu ilə üzləşdiyini bildirir. Qeyd edilir ki, yanvarda bir qrup yaxını hökumətin təqiblərindən qurtulmaq üçün O.Teymurxandan imtina etdiyini bildirib:
“Amma bu, onları qorumağa yetməyib”, – HRW –un bəyanatında belə deyilir.
Təşkilat O.Teymurxanın başına gələnlərin istisna olmadığını, Azərbaycan hökumətinin basqılarından qaçan fəalların çoxunun xaricdə sığınacaq tapdığını və etirazlarını mühacirətdə davam etdirdiyini bildirir.
HRW Azərbaycan hökumətini fəalların ailə üzvlərinin təqibini dayandırmağa çağırır. Həmçinin, beynəlxalq müttəfiqlərini Azərbaycanın bu siyasətini pisləməyə səsləyir.