Ceselin Kuk, ABŞ-ın Hafinqton Post qəzeti
Azərbaycan Prezidenti İlham Əliyev “House of Cards” siyasi serialının süjet xəttinə oxşar olaraq öz arvadını vitse-prezident təyin edib.
Mehriban Əliyeva Çərşənbə axşamı keçmiş Sovet ölkəsinin ilk birinci vitse-prezidenti təyin edilib, indi o, vəzifəcə prezidentdən sonra ikinci şəxsdir.
Vitse-prezident təyin edilmiş birinci xanım Azərbaycanın ən güclü ailələrindən birində anadan olub, tibb oxuyub və müxtəlif təşkilatlarda bir neçə liderlik pozisiyaları tutub. O, ərinin atası eks-prezidentin adını daşıyan xeyriyyə təşkilatı Heydər Əliyev fonduna rəhbərlik edir.
O, 2005-ci ildə Azərbaycan Milli Məclisinə üzv seçilib, ancaq Vikiliks sənədlərinə əsasən nadir hallarda parlament sessiyalarında iştirak edib və siyasi məsələlər barədə məlumatsız görünüb.
Cütlük 1983-cü ildə evlənib və indi insan haqları pozuntusu, dissidentlərin susdurulması, repressiya, korrupsiya ittihamları ilə üzləşən rejimə rəhbərlik edir. Əliyev 2003-cü ildə atasının ardından hakimiyyətə gəlib. Vikiliks sənədlərində ABŞ səfirliyi onu cinayətkar mafiya bosu ilə müqayisə edib.
Əliyevanın qəfil və mübahisəli yüksəlişi 2016-cı ilin sentyabrında keçirilən konstitusiya referendumu sayəsində baş tutub. Konstitusiya dəyişikliyi ilə prezidentin səlahiyyətləri artırılıb, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb və vitse-prezidentlik postu yaradılıb.
Çox insan qeyd edib ki, Əliyevin bu addımında “House of Cards” serialı 4-cü sezonunun süjet xəttinə oxşarlıq var. Serialda xəyali ABŞ prezidenti Frenk Andervud seçkilərdə öz arvadı Kleyri vitse-prezident postuna namizəd elan edir.
Prezidentin öz xanımını vitse-prezident təyin etməsi dünyada son dərəcədə nadir yaşanan hallardan olsa da, ancaq presedentsiz də deyil. Belə ki, Nikaraquanın yenidən seçilən prezidenti Daniel Orteqa keçən il öz arvadını vitse-prezident təyin edib.
Əliyev öz arvadını vitse-prezident təyin edərkən onun hansı öhdəlikləri daşıyacağı barədə məlumat verməyib. Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərdə bəyan edilir ki, prezident öz səlahiyyətlərini icra etmək iqtidarında olmasa, prezidentlik funksiyası vitse-prezidentə keçəcək.