Riçard Kozlariç “Azərbaycan getdikcə ailə monarxiyasına çevrilir”

Riçard Kozlariç: “Bakıda Tramp komandasına görə sevinənlər, çox tələsib”

“Mehriban Əliyevanın Azərbaycanın vitse-prezidenti təyin olunması ABŞ-da siyasətçilərin və ekspertlərin böyük diqqətini cəlb edib. Onlar Bakının xarici siyasətinin bundan sonra necə inkişaf edəcəyi, xüsusən, bunun Vaşinqtonla münasibətlərə necə təsir edəcəyi barədə suala cavab tapmağa çalışırlar”.загружено (20)

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Turan” agentliyinin müxbirinə açıqlamasında belə deyib.

“Bakıda hakimiyyət referendum keçirilməsi qərarını elan etdikdə təklif olunan dəyişikliklər prezidentin həyat yoldaşının vitse-prezident təyin edilməsini təbii edirdi. Bizim ölkəmizdə prezident Kennedinin qardaşının baş prokuror təyin edildiyi və prezidentin müşaviri kimi böyük rol oynadığı hal olub. Ya da Hillari Klinton prezident Klintonun ilk administrasiyası zamanı səhiyyədə müəyyən rol oynayıb. Bütün bunlara rəğmən, Mehriban Əliyevanın təyin edilməsi mənə yalnız Juan Peronun prezidentliyinin son dövründə həyat yoldaşı Evitanı vitse-prezident təyin etdiyi Argentinanı xatırladır”, – deyə Kozlariç bildirib.

Ailə monarxiyası

Onun fikrincə, Azərbaycan getdikcə daha çox bir ailə üzvlərinin hökumətdə mühüm mövqeləri tutduğu monarxiyanı xatırladır.

“Mən demokratiyanın gələcəyindən nigaranam. Çünki bu, 25 il əvvəl bizim böyük ümid bəslədiyimiz xalqın daha geniş iştirakı və demokratiya imkanları istiqamətində atılmış addım deyil”, – deyə o qeyd edib.

İnsan hüquq və azadlıqlarının pozulmasına görə kəskin tənqid fonunda M.Əliyevanın təyinatının Azərbaycanın beynəlxalq imicinə təsirinə gəlincə, Kozlariç deyib ki, Mehriban Əliyevanın “fərqli obrazı” var: “Mən Bakıda səfir olarkən həyat yoldaşım Enn Mehribanla birlikdə “Azərbaycan mədəniyyətinin dostları” qrupunu təşkil etmişdi. Beləliklə, onun prezident sarayından və ya Milli Məclisdən ənənəvi siyasətçiyə oxşamayan fərqli obrazı var. Amma təkcə bu, ölkənin imicinə kömək etmir, çünki sürgündə olanların ailələrinin təqibi davam edir. Onların qohumları polisdə döyülür və həbs olunur. 2014-cü ilin dekabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbi kəskin tənqid edən məşhur məqalə dərc etdirmişdi. Mənə artıq o vaxt aydın idi ki, hakim rejim Qərbdə və ABŞ-da nə düşünüldüyü ilə maraqlanmır. O, təəssüf ki, daha avtoritar rejimi ortaya çıxaran yolla gedəcək”.

Niyə məhz indi?

Qərbdən vitse-prezident təyinatına tənqid eşidilməməsinin səbəbləri haqda da danışan sabiq səfir bildirib ki, bunun məhz indi – ABŞ-da yeni administrasiyanın gəlişi vaxt baş verməsinin təsadüfi olduğunu düşünmür: “Zənnimcə, indi İlham Əliyev özünü daha yaxşı hiss edir və başa düşür ki, belə bir təyinat ABŞ-ın tənqidi ilə qarşılaşmayacaq. O, hakimiyyətin Tramp administrasiyasının insan hüquqları və demokratiya məsələləri ilə Obama administrasiyasından daha az maraqlanacağını güman edir”.

Bununla belə, Kozlariç Tramp administrasiyasının insan hüquqlarının pozulmasına uzun müddət göz yumacağını düşünmür. “Bakıda Tramp komandasının Obama komandasından çox fərqlənəcəyini düşünərək, çox tez seviniblər ”, – deyə o, əlavə edib.