Britaniya parlamentinin icmalar palatası ABŞ-ın “Maqnitski aktı”na bənzər qanun layihəsi qəbul edib. Yeni qanun insan haqlarını pozmaqda günahkar bilinən xarici ölkə məmurlarının Britaniyadakı daşınmaz əmlaklarına və bank hesablarına əl qoymağa imkan verəcək.
Qanunun istənilən ölkənin qanunsuz hərəkətlərə yol verən, işgəncə və digər insan haqları pozuntularında iştirak edən məmurlarına tətbiq edilməsi nəzərdə tutulur. Britaniyanın daxili işlər naziri vəzifəsini icra edən Ben Uolles debatlarda qeyd edib ki, bütün dünya üzrə əliəyri məmurlar qanunun əhatə dairəsinə düşəcək.
Qanun layihəsi müxalif Leyboristlər partiyasından da dəstək alaraq yekdilliklə qəbul edilib. İndi onu lordlar palatasına göndərəcəklər. Gözlənilir ki, burda da o, rahatlıqla səsvermədən keçəcək. Bundan sonra qanun qüvvəyə minmiş olacaq.
Uzun müddətdir ki, belə bir qanunun qəbulunun tərəfdarı kimi çıxış edən “Hermitage Capital” fondunun təsisçisi Uilyam Brauder səsvermənin nəticəsini “əsl triumf” adlandırıb. O, hesab edir ki, qanunun qəbulu Rusiya və digər avtrokratik ölkələrin bivec məmurlarının qəlbinə qorxu salacaq.