Hollandiyada yaşayan azərbaycanlı blogger Orduxan Teymurxanın bacıları fevralın 18-də Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar.
Bu barədə Meydan TV-yə bloggerin özü məlumat verib. Onun sözlərinə görə, zəng gəlib və bacılarının polisin əlində olduğu bildirilib. O.Teymurxan polis əməkdaşları ilə telefon danışığının səs yazısını da Meydan TV-yə təqdim edib.
Adını açıqlanmayan polis əməkdaşı O.Teymurxana “Sən kişi olsaydın bacılarını bura gətirməzdik” deyir və onu hədələyir.
Bloggerin sözlərinə görə, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı söylədiyi tənqidi fikirlərinə görə incidilir. Ailəsindən O.Teymurxanın fəaliyyətinə son qoyması tələb edilir.
Bir müddət əvvəl bloggerin bacısı, bacısı oğlu və yeznəsi mətbuat vasitəsilə ondan imtina etdiklərini bəyan etmişdi.
Meydan TV 32-ci polis bölməsi ilə əlaqə saxlayıb. Özünü bölmənin rəisi kimi təqdim edən şəxs “əməkdaşlarımızı iş dalınca göndərmişəm, bölməyə heç bir qadın gətirilməyib” cavabını verib.
O.Teymurxan baş verənlərlə bağlı beynəlxalq təşkilatlara məlumat verəcəyini bildirir.
O.Teymurxan bu məlumatı ictimailəşdirəndən bir neçə saat sonra bacılarının hələ də polisdə saxlandığı və incidildiyini barədə ikinci videoçəkiliş yayıb. Çəkilişdə O.Temirxan telefonla bacıları ilə danışır. Ona zəng gəlir və bacıları ağlayaraq, hələ də polisdə saxlandıqlarını və işgəncəyə məruz qaldıqlarını bildirir, O.Teymurxandan “sakit durmasını” xahiş edirlər.