Müsavat Almaniyanın Köln şəhərində möhtəşəm aksiya keçirdi – VİDEO, FOTO

 

Bu gün Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi (AKM) Almaniyanın Köln şəhərində “Siyasi məhbuslara azadlıq!” şüarı altında aksiya keçirib.

Aksiya “Kanal 13” vasitəsilə sosial şəbəkədə canlı olaraq yayımlanıb və təkcə canlı yayımda 17 mindən çox tamaşaçı tərəfindən izlənilib.

Yüzlərlə insanın qatıldığı mitinq Azərbaycanın və Müsavat Partiyasının himninin səsləndirilməsi ilə başlayıb. Aksiyada Azərbaycanda həbsdə olan siyasi məhbusların şəkilləri, ölkəmizdəki diktatura rejimini pisləyən plakatlar qaldırılıb, “Azadlıq!” və “Müsavat!” şuarları səsləndirilib.

Aksiyanın aparıcısı Müsavat AKM-in Məclis üzvü Eldəniz Yusibov olub.

Daha sonra aksiyanı izləyən əcnəbi vətəndaşlara ingilis dilində müraciət edilib.

Müraciətdə Azərbaycanda insan haqlarının pozulması, siyasi motivli həbslər, təcrixanalarda məhbuslara işgəncələrə son qoyulması Azərbaycan hakimiyyətindən tələb edilir. Azərbaycanda demokratiya bərqərar olanadək bu mübarizənin davam edəcəyi vurğulanır.

İştirakçılar xorla vicdan məhbusları İlqar Məmmədova, Qiyas İbrahimə, Bayram Məmmədova, Fuad Qəhrəmanlıya, Seymur Həziyə, Əbdül Əbilova və bütün digər siyasi məhbuslara azadlıq tələb ediblər. Tədbirdə həmçinin ermənilərin girov götürdükləri Dilgəm Əsgərovla və Şahbaz Quliyevə azadlıq tələb edilib.

Aksiya qətnamənin qəbul olunması ilə başa çatıb.