“Mən deyəndə ki, ifadə verməyəcəm, bildirirsiniz ki, istintaqa ifadəmi əsas götürüb, onu qəbul edəcəksiniz. Bəs bu adamlar niyə gəlib ifadə vermirlər?”, – keçmiş Aparat rəhbəri etirazını bildirib.
Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev cavabında deyib ki, əgər şahidin məhkəməyə gəlmək imkanı yoxdursa, yaxud təqsirləndirilən şəxs məhkəmədə ifadə vermirsə, onun istintaqdakı ifadəsi elan olunur və məhkəmə də onu qəbul edir.
Ardınca hakim bir daha Vidadi Zeynalova ifadə verməyi təklif edib.
“Ekspertiza keçirilməlidir”
Zeynalov isə növbəti dəfə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə çağrılıb dindirilməsini tələb edib: “Əgər onlar gəlməsə, mən ifadə verməyəcəm. İttihamdakı şişirdilmiş qiymətləri Maliyyə Nazirliyinin əməkdaşları yazıblar. Onlar gəlib suallara cavab verməlidilər, yazdıqlarını əsaslandırmalıdırlar. Bu qədər insanın taleyinə necə biganə yanaşmaq olar? Mənim Maliyyə Nazirliyinin işçilərinə suallarım var. Xərclərlə bağlı yenidən ekspertiza keçirilməlidi. İttihamda yazılan rəqəmləri kimlərin necə şişirtdiyi aydınlaşdırılmalıdır”.
Hakim Vidadi Zeynalova düşünüb, bir qərara gəlmək üçün vaxt verib. Nəzərinə çatdırıb ki, əgər növbəti məhkəmədə də ifadə verməsə, bu, imtina kimi qəbul ediləcək və istintaqa ifadəsi elan edilərək, əsas götürüləcək.
Vəkillər məhkəmənin uzadılmasına etiraz ediblər. Bildiriblər ki, bir həftə ərzində məhkəmədə cəmi bir şahid dindirilib.
“Bu qədər insan yığılır bura, 11 təqsirləndirilən şəxsi istintaq təcridxanasından gətirib-aparırlar. Amma cəmi bir şahid gətirilib. Bu da məhkəmənin mənasız yerə uzadılmasıdır”, – vəkillər etirazlarını bildiriblər. Amma vəkillərin etirazı qəbul olunmayıb.
Növbəti məhkəmə iclası fevralın 17-nə təyin olunub.