NİDA-çı siyasi məhbus Avropaya mühacirət etmək məcburiyyətində qalıb.

NİDA hərəkatının keçmiş üzvü, siyasi məhbus olmuş Rəşad Həsənov Avropaya mühacirət etmək məcburiyyətində qalıb. Bu barədə onun özü feysbukda məlumat paylaşıb. R.Həsənov yazıb ki, DTX onu əməkdaşlığa cəlb edibmiş və vəziyyətdən çıxmaq üçün mühacirət etməyə üstünlük verib. Onun yazdığını təqdim edirik:

Həbsimin bitməsinə 3 ay qala DTX əməkdaşı cəza çəkmə müəssəsinə gələrək məndən iltizam imzalamağı tələb etdi. İltizamın məğzi belə idi ki, azadlıqda olanda xarici dövlətlərin xüsusi xidmət orqan əməkdaşları mənə yaxınlaşsa bunu onlara bildirməliydim. İmzaladım.

Azadlığa çıxdıqdan sonra hər ay mənimlə görüşüb ictimai şəxslər və beynəlxalq təşkilatlarla keçirdiyim görüşlər, qrantlar haqqında suallar verirdilər. Başlarda, qeyri səmimi davrandığım təqdirdə özümdən əlavə qardaşım üçün də pis olacağı ilə məni təhdid etdilər. 3 il həbs, xüsusilə 6 saylı CÇM görmüş biri kimi bunun zarafat olmadığını çox gözəl başa düşürdüm və ciddi qorxurdum. Mən də, əgər soruşulan məlumatlar etibar etmədiyim kimlərsə tərəfindən də bilinirsə (onların demə ehtimalını nəzərə alaraq) deyirdim. Heç kimə zərər verə biləcək nəsə məlumata demək olar ki, sahib deyildim.

Əlimdən gəldiyi qədər ictimai sektordan da uzaqlaşmışdım. Qeyri rəsmi aktiv olmasam da rəsmi olaraq Nidadan oktyabrın 4-ü çıxdım.

Bunu heç kimə deyə də bilmirdim. Çünki çox riskliydi və belə şeyi deməyə üzüm də gəlmirdi. Düşünürdüm ölkədən bir dəfəlik gedənə kimi dözüm. Bir dəfəlik ABŞ-a getmək istəyirdim amma bunun üçün də maddi imkanım əl vermirdi. Sonunda bir dostumla danışdım və qərar verdim ki, martın sonu gedim.

Yanvarın sonu bir hadisədən sonra artıq dözülməz hal aldı və mən də qaçdım ölkədən. Hazırda Avropadayam.