Siyasi iradənin “Lapşin uğuru”

Yaxud, “Lazım”ın qısır məhsuldarlığı

İlham Hüseyn

Ölkəmizdə həyat öz axarıyla davam edir. Yəni, hüquqsuzluq, saxtakarlıq, səfalət, korrupsiya, monopoliya, yalançı inkişaf, həqiqi tənəzzül qüvvədədir. Gül-gülü, bülbül-bülbülü çağırmasa da, böhran-böhranı, zülm-zülmü çağırır. Təbii ki, belə “qara günlər” bolluğunda hökumətin “sürpriz”ləri də olur. Əvvəlcə, 23 illik “uğur diplomatiyası”nın nəticəsi kimi Cocuq-Mərcanlı kəndini ortaya çıxardılar. 1994-cü ildə düşmən işğalından azad edilmiş kəndin “prezentasiya”sını 2017-ci ildə həyata keçirdilər. Bəli, regionun lider dövlətinin analoqsuz hökuməti itiridiyimiz torpaqlara görə kədərlənməyi yox, geri qaytarılmış kəndə görə sevinməyi təklif etdi. Yəni, “uğurumuz bundan ibarətdir, aza qane olun” mesajını verdilər. Xalqı yenə də qısır uğurlara sevinməyə səslədilər. Amma hökumətimizin “siyasi iradə”sinin məhsuldarlığı bununla yekunlaşmadı. Artıq bir neçə gündür ki, siyasi iradənin nəticəsi kimi meydana Lapşin faktı çıxıb. Bəli, baş nazirin müavini Əli Əhmədov deyib ki, Lapşinin ölkəyə gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoydu.
Hətta telekanallardan boylanan “ekspert”lər Lapşinin ölkəyə gətirilməsini “böyük qələbə”, “misilsiz qalibiyyət” kimi şərh edirlər. Görəsən, Lapşinin Bakıda peyda olması siyasi iradənin göstəricisidirsə, Ağdamın, Laçının, Şuşanın və digər rayonların əsarətdə qalması nəyin göstəricisidir? Siyasi iradə uzun müddətdir girovluqda olan Dilqəmlə Şahbazı niyə azad etmir, Jirinovskinin hədyanlarına niyə susur, niyə Lovrovun şilləsinə yumruqla cavab vermir? Ümumiyyətlə, işğalçını himayə edənə “dost” deyib, işğal olunmuş əraziyə gedəni “düşmən” kimi təqdim etmək absurd deyilmi? Demək istəyirəm ki, biz “Lazım”ı Lapşini gətirməsi üçün yox, Laçını gətirməsi üçün gözləyirdik.
Amma “Lazım”ın öz “strategiya”sı var. O, qısır uğurlar üzrə mütəxəssisdir.
Hökumət bu təbliğatla cəmiyyəti “brak” uğurlara adaptasiya etdirmək istəyir. Demək istəyirlər ki, bunların dövründə günahkarlar məhkəmə qarşısına, şəffaflıq seçkilərə, ədalət məhkməyə, azad söz mətbuata gəlməyəcək. Biz ancaq Lapşinlərin gəlişinə, idman oyunlarının zühuruna sevinəcəyik. Bakını quberniya kimi görənləri, erməni soyqırımını tanıyanları, Qarabağı Azərbaycanın daxili işi saymayanları isə “sevimli dost” kimi qəbul edəcəyik. Bəli, biz təkcə iqtisadiyyatda, hərbidə, idarəçilikdə analoqsuz deyilik, bizim iradəmiz də analoqsuzdur.
Səfalət bolluğunda, 20 faiz ərazinin yoxluğunda “Lapşin uğuru”na
sevinməliyik. Bu hələ harasıdır, ermənilərə sübut edəcəyik ki, dolma da, lavaş da bizimdir. Ura, ura, ura…..