Fikrət Fərəməzoğlu: Mən Seyfulla Əzimovun, Vilayət Eyvazovun biznesinə toxunmuşam

“Mən də, siz də, prokuror da gözəl bilirik ki, bu sifarişdir”

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Jam.az” saytının redaktoru, jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Fikrət məndən 2500 manat alıb”get_img

Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda
zərərçəkmiş Şirin Abdullayev dindirilib. “Hills” masaj salonunu icarə əsasında işlədən Ş.Abdullayev jurnalist F.Fərəməzoğlunun ondan hədə-qorxu ilə iki dəfə olmaqla cəmi 2500 manat pul tələb etdiyini deyib:

“2014-cü ildə Bakıda S.Vurğun və Tolstoy küçələrinin kəsişməsində yerləşən masaj salonu işlətmişəm. 2016-cı ilə qədər. 2016-cı ildə F.Fərəməzoğlu, Cəlal Məmmədov və Kənan Verdiyev gələrək məndən onlara hər ay 2000 manat ödəməyimi tələb ediblər. Mən də dedim ki, şikayət edəcəyəm, mənim sizə verməyə pulum yoxdur, mən əxlaqsızlıq yuvası saxlamıram. Sonra özü tək gəldi. Fevral ayı idi, dedi “sənin barəndə müsahibə yazılar var”. Dedim, Fikrət bəy, lazım deyil, ailəm uşağım var. Dedi: “Sən fahişəxana saxlayırsan, xaricdən azyaşlı qızları gətirib cinsi istismara məruz qoyursan”. Məni rüsvay etdi, mən də verdim pulu. 2016-cı ilin aprelində yenə gəldilər pulu götürmək üçün. Dedim, məcburi köçkünəm, pulum yoxdur. Mənə deyilməyəsi sözlər dedi. Dedi: “Pulu verməsən ailəni də, səni də məhv edəcəyik”. Dedim, şikayət edəcəm, dedi “hara istəyirsən şikayət et, çox orqanlar mənimlə görüşüb, hesablaşır. Nəinki sənin, çox adamların evini yıxmışam””.

Bu zaman F.Fərəməzoğlu “Əjdahayammış ki!” – deyə söz atıb.

Daha sonra Abdullayev davam edib:

“İstəyirdim gedib şikayət edim, iyulun 30-u yaxın dostum zəng edib mənə dedi ki, gözün aydın olsun, Fikrət tutulub. Sevincimin həddi-hüdudu yox idi. Mən də getdim idarəyə, dedim, ifadə vermək istəyirəm. İfadəmdə yazdım ki, məndən 2500 manat pul alıb. Özü də boynuna aldı”.

Daha sonra Abdullayev vəkil Elçin Sadıqovun suallarını cavablandırıb. O, vəkilin sualına cavab olaraq işlətdiyi masaj salonunun insanların sağlamlığına xidmət etdiyini deyib: “Masajla, kremlərlə insanlara sağlamlıq veririk. Mən 1 ildə dövlətə 65 min manat vergi ödəmişəm”.

4500 manat pul vermişəm

Daha sonra zərərçəkmiş Baxşəli Qəhrəmanov dindirilib. O, Xaqani 24 ünvanında “Aqua” adlı masaj salonu işlətdiyini deyib:

“2016-cı ilin yanvar ayında F.Fərəməzoğlu, Cəlal Məmmədov və Kənan Verdiyev gəlib məndən hər ay 2000 manat pul alacaqlarını dedilər. Sonradan fevral ayında F.Fərəməzoğlu gəldi dedi ki, bundan sonra özü tək gəlib pulu alacaq. Dedi, sənin haqqında saytda yazılıb, gir bax. Elə sözlər yazmışdı ki, deyiləsi deyil. Başqa saytlarda da var idi, dedilər, F.Fərəməzoğlunun “JAM.az” saytına istinad edərək yazıblar. Oğlum Rusiyada yaşayır, həyat yoldaşı ilə birgə hüquq-mühafizə orqanlarında işləyir. O dedi ki, ata, bu nədir, saytda sənin haqqında yazıblar. F.Fərəməzoğlu apreldə məndən 1000, mayda 2000 aldı, dedi, bir də iyul ayında gələcək. İyulda da oğlum zəng etdi, dedi ki, Fikrəti tutublar, mən də idarəyə gedib ərizə verdim. Ona 3 dəfəyə cəmi 4500 manat pul vermişəm”.

“Bandotdel”də mənə dedilər ki…

Daha sonra F.Fərəməzoğlu çıxış edib:

“Bu adamlar məni tanımır, mən də bu adamları. Heç vaxt rastlaşmadığım adamlardır. Bunlar bu yalanları özbaşına danışmırlar. Bunların arxasında duranlar dedirdir. Onların arxasında duranlardan biri “Bandotdel”in rəisi Seyfulla Əzimovdur, o biri də onun işlərini kurasiya edən Daxili İşlər Nazirliyinin birinci müavini Vilayət Eyvazov. Problemin kökündə dayanan səbəb budur ki, mən bu adamların biznesinə toxunmuşam. “Bandotdel”də saxlanılanda mənə dedilər: “Sən bizə 400 min manat zərər vurmusan. Bizim obyektlərimiz haqqında yazılar yazmısan. Get o pulu gətir, sonra çıx get buradan”. 2006-cı ildə mənimlə DİN naziri Ramil Usubov arasında məhkəmə çəkişməsi olub, o gündən bu yana qırğın gedir aramızda. Bu gün mənim həbsimin səbəbi həmin 2006-cı ildən başlayan prosesin məntiqi nəticəsidir. Mən də, siz də, prokuror da gözəl bilirik ki, bu sifarişdir. Bütün Azərbaycan bilir ki, vəziyyət nə yerdədir, məsələ nədən ibarətdir. Bu tamaşanı qurtarmaq lazımdır. Dindirmələri yekunlaşdırın, prosesi qurtarın, hökmü oxuyun. Onsuz da sizə nə deyiləcəksə, onu edəssiniz. Sizə nə sifariş olunacaqsa, onu edəssiniz. Hökmü oxuyun, tezləşdirin, neçə il verəcəksinizsə verin, çıxaq gedək”.

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməzoğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət Fərəməzoğlu iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumata görə, ilkin istintaqla Fikrət Fərəməzoğlunun ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət Fərəməzoğlunun onlara qarşı analoji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.