Dövlətə borcu olan Açıq Səhmdar Cəmiyyətləri qarşısında sərt tələb qoyulub.
Hakimiyyətin təxirəsalınmaz və çevik tələbi ondan ibarətdir ki, ASC rəhbərləri tezliklə dövlətin borcunu qaytarsınlar və
büdcəyə vəsait daxil olması sürətlənsin.
Dövləti borc içində batıran ASC-lər indiyə qədər tender
maxinasiyaları ilə varlanıblar. Onlar həm ölkənin borclarını artırıb, həm heç bir layihəni yüksək səviyyədə həyata keçirməyib, həm də
milyonları sovurublar. Həcmi milyardlarla ölçülən xarici kreditlər
dövlətin boynunda qalıb.
Dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda hökumətin qarşısında duran ən böyük vəzifələrdən biri də Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) xarici maliyyə təşkilatlarından dövlət zəmanəti ilə alıb xərclədikləri kreditləri ödəməkdir.
Vaxtilə dollarla alınıb xərclənən borcları indi manatın dəyərdən düşdüyü bir vaxtda geri qaytarmaq büdcə üçün əməlli-başlı yükə çevrilib.
Çünki hazırda ASC-lərin borc öhdəliklərini icra etmək imkanı olmadığından, borclar dövlət hesabına ödənməlidir. Dövlətin öhdəliyi isə nə az, nə çox, 6.9 milyard dollar həcmindədir.
Vaxtilə neft gəlirlərinin yüksək olduğu vaxtda alınan kreditlərin geri qaytarılma müddəti indi başladığından, bu borclar da büdcə xərcləmələrində əhəmiyyətli yer tutur.
Məsələn, Hesablama Palatasının hesabatına nəzər salsaq görərik ki, 2015-ci ildə “Şahdağ” Qış-Yay Turizm Kompleksinmin tikilməsi üçün 40 milyon manat kredit alınaraq xərclənib.
“Azərişıq” ASC xarici fondlardan 50 milyon manat kredit alıb və vəsait son qəpiyinəcən xərclənib. “Azəravtoyol” ASC 304 milyon manat, Bakı Metropoliteni 240 milyon manat, “Azərsu” ASC 240 milyon manat, Dövlət Neft Şirkəti 1 milyard 891 mln manat, “Aqrarkredit” QSC 2,54 milyard manat xarici fondlardan kredit alıb.
Adıçəkilən ASC-lərin bu borcları qaytaracağı isə sual altındadır.
Təəccüb doğuran başqa bir məqam isə odur ki, bu qurumlar hər il dövlət büdcəsindən də külli miqdarda dotasiya alırlar.
Həmin vəsaitlərin xərclənməsində şəffaflıq olmadığı kimi, bu borcların necə istifadə olunması ilə bağlı da şəffaflıq təmin olunmayıb.
ASC-lərin rəhbərləri Baba Rzayev, Saleh Məmmədov, Qorxmaz Hüseynov, Zaur Hüseynov və digər ASC rəhbəri olan məmurlar qarşısında konkret tələblər qoyulub. Ölkə iqtisadiyyatının ən çətin dönəmində məmurlar borcları ödəməlidir. Vaxtilə yedikləri milyonları indi qəpik-qəpik qaytarmağa məcburdurlar.
Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır.
Bundan əlavə, dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda hökumətin qarşısında duran ən böyük vəzifələrdən biri də Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) xarici maliyyə təşkilatlarından dövlət zəmanəti ilə alıb xərclədikləri kreditləri ödəməkdir.
Bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb.