Cəbrayıl köçkünlərinin apellyasiya şikayəti üzrə məhkəməsi təxirə düşüb

Vəkil: ”Məhkəmənin vaxtı ilə bağlı mənə bilgi verilməyib”

Biləsuvarda məskunlaşdıqları qəsəbənin işığının kəsilməsinə etiraz edən Cəbrayıl köçkünlərinin həbsindən verilən apellyasiya şikayətləri üzrə məhkəmə baxışı təxirə salınıb.elcin-sadiqov-300x208

Məlumatı həbsdəki məcburi köçkünlərdən bəzilərinin vəkili Elçin Sadıqov yayıb.

Bildirib ki, yanvarın 12-də Şirvan Apellyasiya Məhkəməsi şikayətə baxmalı idi. Bu haqda ona da məlumat veriblər:

“Sonradan xəbər verdilər ki, baxış qeyri-müəyyən vaxta təxirə salınıb. Məhkəmədən bildirdilər ki, həbsdə olanların yanvarın 12-də gətirilməsi mümkün deyil”. Vəkil, hələ ki, məhkəmənin vaxtı ilə bağlı ona bilgi verilmədiyini deyib.
2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Onlar qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma olub.

Aksiya zamanı saxlanan Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

Rəsmi məlumatda o da qeyd edilirdi ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb.

Ancaq sakinlər AzadlıqRadiosuna bildirmişdilər ki, hadisələr zamanı cəmi bir polis xəsarət alıb, aksiyaçılar arasında xəsarət alanlar isə çoxdur.

Sonradan daha 2 nəfərin eyni ittihamla həbs edildiyi bildirildi. Elçin Sadıqov onlardan Cəlal Quliyev və Zaur Feyruzlunun vəkilidir.