Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək. “APA-Economics” xəbər verir ki, bu, ARDNF-nin 2017-ci il büdcəsində öz əksini tapıb. Sənəd prezident İlham Əliyev tərəfindən bu gün imzalanan fərmanla təsdiqlənib.İqtisadçı ekspert Samir Əliyevin fikrincə, Prezidentin bu fərmanı maliyyə bazarını 2017-ci ildə sakitləşdirəcək:
Hökumət təxminən 1 il vaxt qazandı. Hətta bu təşəbbüsdən sonra da manatın tam üzməsini iddia etmək olmaz. Manat Mərkəzi Bankın dəstəyi ilə üzməkdə davam edəcək. Bu addımlardan sonra manatın bahalaşması real deyil. Ola bilər epizodik bahalaşma baş versin. Amma tendensiya ucuzlaşamq istiqamətində olacaq. Sadəcə, Neft Fondunun bu dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın.
Problemin həlli əksdollarlaşma siyasətindədir. Deşikli qaba nə qədər su töksək bir müddətdən sonra qabda yenə də su azalacaq. Ona görə də o deşikləri tutmaq lazımdır. Həmin deşiklər isə bizim nümunədə kapital axını və dollarlaşmadır. Hökumət əsas diqqəti əksdollarlaşma tədbirlərinin gücləndirilməsinə yönəltməldir. Neft Fondunun pulu hesabına valyuta bazarını dollarla təmin siyasəti isə sonda uğursuzluğa düçar ola bilər və təhlükəsizlik yastığının “əriməsinə” gətirib çıxara bilər”.