“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov-un həbsindən sonra dünyaya gəlmiş oğluna doğum haqqında şəhadətnamə verilmir. Keçən yay doğulan uşaq hələ də dövlət qeydiyyatına alınmayıb. Buna görə də ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə məhkəməyə müraciət edib. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Leyla İsmayılzadə iddia ərizəsində göstərib ki, Taleh Bağırovla birgə nikahdan olan üçüncü oğlu iyulun 25-də dünyaya gəlib. Uşağa “Əbülfəzlabbas” adı verilib və doğum haqqında şəhadətnamə almaq üçün Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Amma şöbənin rəisi İlahə Ələsgərovanın imzası ilə imtina məktubu alıb.
“SİYAHIDA BU AD YOXDU”
“Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən tövsiyə olunan adlar siyahısında “Əbülfəzlabbas” adı mövcud deyil. Göstərilənlərə əsasən, övladınıza “Əbülfəzlabbas” adının verilməsi mümkün deyil”, – məktubda belə yazılıb.
“Azərbaycan Konstitusiyası vətəndaşın şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eyni zamanda, Avropa Konvensiyası da şəxsi və ailə həyatına sayqı nəzərdə tutur. Ailə Məcəlləsinə görə, uşağa ad valideynlərinin razılığı ilə verilir. Dövlətin müəyyənləşdirdiyi qaydalara görə, uşağın mənafeyinə xələl gətirə bilən, cinsinə uyğun gəlməyən və ya gülünc adların qoyulmasına yol verilmir. Bizim uşağa verdiyimiz ad isə bu kateqoriyaya aid edilə bilməz”, – Leyla İsmayılzadə bildirib.
İddia ərizəsində məhkəmədən də xahiş edib ki, Yasamal Rayon Qeydiyyat Şöbəsinin üzərinə uşağa “Əbülfəzlabbas” adı verilməsi vəzifəsinin qoyulması haqda qərar çıxarılsın.