Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanın Avropalı rəsmilərə rüşvət verməsi – “kürü diplomatiyası” barədə yazı yazıb. O, öz feysbuk səhifəsində bu haqda öz fikirlərini ifadə edib.
“Kürü diplomatiyasının cinayət şəbəkəsi açıldı. Bir vaxtlar (2013-cü ilin yanvarında) Avropa Şurası Parlament Assambleyasında sədr müavini olmuş Luka Volonte Azərbaycanda siyasi məhbuslara aid Almaniyalı deputat Ştrasserin məruzəsinin qarşısını almaq üçün Avropa Şurasında geniş bir cinayətkar şəbəkə yaradıb və aldığı pulları İtaliya, İspaniya, Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrdən olan deputat həmkarları arasında bölüşdürərək təşkilatın əsas dəyər hesab etdiyi insan haqlarına xəyanət ediblər
İndi tam mənzərə ortadadır. Rüşvətin ümumi məbləği 2 milyon 390 min avrodur. Lukanın “səmimi” etiraflarına görə Azərbaycan hakimiyyəti tərəfindən ona verilən bu rüşvət ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Elxan Süleymanov və Müslüm Məmmədovun vasitəçiliyi ilə ödənilib. Vəsaitin hansı təşkilatlardan hansı transferlərlə Lukanın hesabına ötürüldüyü İtaliya prokurorluğu tərəfindən müəyyənləşdirilib.
Şəhidlərin qan pulunu verməkdən müxtəlif bəhanələrlə yayınan Azərbaycan hökuməti ölkədə guya siyasi məhbusların olmadığı barədə Avropa Şurasından arayış almaq, bu məsələ ilə bağlı Ştrasserin məruzəsini önləmək üçün AŞPA-nın vəzifəli şəxslərinə 3 milyon avro rüşvəti xüsusi əliaçıqlıqla verməli olub. İşin mənəvi və hüquqi tərəflərini bir kənara qoysaq, bu sadəcə olaraq rüsvayçılıqdır.”