«Azadlıq» qəzetinin həbsdə olan şöbə müdiri Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsinə dair hökmdən Avropa Məhkəməsinə göndərilmiş ərizəsi də ünvanına gedib çatmayıb. Bu barədə AzadlıqRadiosuna Seymur Həzinin vəkili Şəhla Hümbətova məlumat verib.
Vəkil deyir ki, bugünlərdə «Azərpoçt»dan ona məktub daxil olub. Bildirilib ki, içində Seymur Həzinin şikayəti olan RR005401986AZ saylı məktub Bakı Poçt Daşıma Mərkəzində itib və buna görə dəymiş ziyan ödəniləcək: «Biz şikayəti sentyabrda göndərmişdik. Bir xeyli müddət ərizənin taleyi ilə bağlı xəbər çıxmadı. Şübhələndim ki, gedib çatmayıb. Avropa Məhkəməsi ilə əlaqə saxladım, məlum oldu ki, həqiqətən belədir. Ona görə sonradan özəl poçtla bir daha göndərdik və gedib çatdı, artıq icraata götürülüb. Paralel olaraq, «Azərpoçt»a da dəfələrlə müraciət etdim, faks göndərdim. Sonuncu dəfə noyabrın 3-də sorğu vermişdim».