ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu “The Trump Organization” Azərbaycanda mehmanxana tikintisi üzrə sazişi ləğv edib və Gürcüstandakı layihə barəsində analoji addım planlaşdırır. Bu barədə “Associated Press” xəbər verib.
Anar Məmmədov seçkidən dərhal sonra ABŞ-ın yeni prezidenti Donald Trampı də təbrik etdi. O, sosial şəbəkədəki “İnstaqram” səhifəsində Trampın qızı İvanko Trampla çəkilmiş şəklini paylaşaraq “Mənim əziz dostum, Sizi və ailənizi bu tarixi gün münasibəti ilə təbrik edirəm”, – deyə yazıb.
Nəqliyyat naziri Ziya Məmmədov isə bu yaxınlarda Trampla ortaq olduqlarını açıqlayıb. “Trampla iş birliyimiz var… İş birliyimiz var deyəndə ki, oğlumla işbirliyi olub” – deyə bildirib.
Yəni, nazir və oğlu hər fürsətdə ABŞ prezidenti ilə yaxınlıqlarnı qabardıblar. Bəlkə də buna görə əvvəlcə Bakıda inşa edilən “Trump Tower”in adını Tramp Otellər Kolleksiyasının siyahısından çıxaran ABŞ prezidenti, indi şirkətin rəhbərliyinə bu layihədən tamamilə imtina etdiklərinə dair açıqlama ilə çıxış etməyi tapşırıb. Belədə, Anar Məmmədovun Trampa Bakıdakı otelə öz adının verilməsi üçün ödədiyi milyonların taleyinin necə olacağı qaranlıq qalır. Ziya Məmmədov və oğlu ABŞ prezidentindən pullarını geri istəyə biləcəklərmi?