Son günlər bəzi deputatlar xalqı qıcıqlandıran çıxışlar etməkdədir. Deputatlar yeni fənd işlədir: əvvəlcə açıqlama verir, xalqın mövqeyini öyrənirlər. Əgər hansısa deputatın çıxışına xalq reaksiya verməyəndə, dərhal başlayırlar deputatın təklifinin icrasına. Onlar cəmiyyətdən sərt təpki gəldiyini görəndə geri çəkilir, dediklərini inkar edir, jurnalistlərin üstünə yıxmaqla fikirlərinin təhrif olunduğunu açıqlayırlar. İctimaiyyətin reaksiyası sərt olanda başlayırlar ki, “biz sözü ya zarafatla demişik”, ya da guya intervi alan jurnalist bunların sözlərini təhrif edib. Milli Məclisdə deputatlara aylıq 2000 manat əmək haqqı vermirlər ki, camaatla zarafatlaşsınlar.Kimisi xalqa soğan əkməyi tövsiyyə edir, kimisi bahalaşmaya haqq verir, kimisi müavinətləri kəsməyə çağırır. Bunlar millətin zərərinə olan təkliflərlə çıxış edən millət vəkilləridir. Əhali bir tikə çörək üçün gecəsini gündüzünə qatır, deputatlar isə komfort şəraitdə oturub arxayın şəkildə insanların heysiyyatı ilə oynayır, əsəblərini tarıma çəkir, xalqı gah dolayır, gah da aşağılayırlar. Mirələmov doğulduğu Lerikə səfər edib əhalinin dərd-sərinə şərik olsa, seçildiyi rayondakı seçicilərinin problemlərinə ürək qızdırsa daha yaxşı olardı.
Qarabağ əlillərinə, şəhid ailələrinə güzəştlərin verilməsinə qarşı çıxan deputat çox yaxşı bilir ki, bu insanlar çətin durumda yaşayır.
Məcburi köçkünlərə verilən statusun ləğv olunmasını tələb edən deputat yaxşı bilir ki, işğal altında olan rayonların əksər əhalisi yol kənarlarında öz hesablarına palçıqdan daxması tikib qalırlar.
Əhaliyə ayağını yorğanına görə uzatmağı tövsiyyə edənlər yaxşı bilirlər ki, əhali ya kasıbçılıqdan ya da xəstəsinə görə yorğanı da qamayıb.
Xalqa az yeməyi tələb edən deputat da yaxşı bilir ki, əhali işsizlikdən, yoxsulluqla yaşadığından bir qarın ac, bir qarın tox yatır.