Son günlər mətbuatda “qara bazar”ın arxasında bankların durması ilə bağlı yazılara tez-tez rast gəlirik. Bu barədə ekspert fikirləri də var. Kimi bu fikri dəstəkləyir, kimi də razılaşmır.
İqtisadçı Natiq Cəfərli “Facebook”-da bu barədə fikirlərini bölüşüb. Bildirib ki, əgər ölkədə qara valyuta bazarı varsa, deməli, həmin ölkənin bank sistemində, iqtisadiyyatında ciddi problemlər var:
“Qara bazar istənilən ölkənin ayıbıdır. Normal maliyyə-bank sistemi olan ölkədə, bazar iqtisadiyyatının, heç olmasa, əlifbası olan ölkələrdə qara bazarın yaranması mümkün deyil.
Valyuta da bir əmtəədir, tələb-təklif prinsipi bu sahədə də keçərlidir. “Valyuta dəllalları” kimi Sovet anlayışını qəbul etmirəm. Məsələn, məhəllələrdə kiçik marketlər, bazarlar var, səhər tezdən dükan sahibi Məhəmməd dayı gedir “yaşıl bazara”, oradan pomidorun kilosunu 1 manata alır, gətirir məhəlləyə və bizə 1,3 manata satır. Biz Məhəmməd dayıya “pomidor alverçisi, möhtəkiri, dəllalı” demirik axi?! Ona qalsa, Məhəmməd dayı da “qara pomidor bazarı” möhtəkiri sayılmalıdır. Hətta Sovetlərdə sayılırdı da. Başqa bir misal, Tükəzban xala gedir “Sədərək” bazarına, 10 corabı topdan 5 manata alır, sonra məhəllədəki öz kiçik dükanında hər corabı 1 manata satır. Belə çıxır ki, Tükəzban xala “qara corab bazarı” dəllalıdır?!”
Natiq Cəfərli deyir ki, bu gün bank rəsmi məzənnənin üzərinə 4 faiz qoyub sata bilər. Formal olaraq kimsə bu fərqlə dolları 1,79-a alıb (məsələn, 100 min), 1,82 satsa, bazar iqtisadiyyatı məntiqi ilə o corab-pomidor satan kimi hərəkət edir, heç bir fərq yoxdur. Dövlətin borcudur ki, sərbəst valyuta alış-satışını təşkil etsin, o zaman qara bazar da yarana bilməz:
“Birdəfəlik anlamaq lazımdır ki, dünyada nə ideyanın, nə pulun qarşısını almaq mümkün deyil, SSRİ 70 il bunu etməyə çalışdı, alınmadı, dağıldı. Bu hadisədən dərs çıxarmaq lazımdır…”.