ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (Global Magnitsky Human Rights Accountability Act) qəbul edib.
Yeni qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanunun təsir dairəsini qloballaşdırır.
Başqa sözlərlə 2012-ci il tarixli qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilərdi, lakin dekabrın 8-də qəbul edilmiş qanun onun təsir dairəsini potensial olaraq hər bir ölkəyə yayır.
Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.Bu qanun habelə kimlərə sanksiyalar qoyulması barədə qərar qəbul edərkən prezidenti QHT-lərin rəylərini nəzərə almağa yönəldir.
Freedom House təşkilatının prezident əvəzi Daniel Calingaert AzadlıqRadiosuna müsahibəsində deyib ki, bu qanunun Azərbaycana tətbiqi tamamilə mümkündür.
Qanunun müddəalarından birinə görə Konqressin müəyyən üzvləri, vətəndaş cəmiyyəti üzvləri sanksiyalar üçün fərdlərin adlarının sanksiyalar siyasına əlavə edilməsini təklif edə bilərlər.
Qanunun müddəalarından görünən budur ki, konkret şəxslərə sanksiyaların tətbiqi ABŞ prezidentinin səlahiyyətindədir.
Cənab Calingaert bunu təsdiqləyib, lakin deyib ki, burada Konqresin və vətəndaş cəmiyyətinin təsiri unudulmamalıdır.
Spesifik fərdlərin sanksiya siyahısına salınmasını Konqresin müəyyən üzvləri də rica edə bilərlər. Prezident sanksiya siyahısındakı adları ictimaiyyət üçün açıqlamağa borcludur. Əgər Konqresin təklif etdiyi müəyyən adlar prezidentin sanksiya siyahısına salınmayıbsa, prezident bunun səbəbini izah etməlidir.
Freedom House təşkilatının prezident əvəzi Daniel Calingaert AzadlıqRadiosuna müsahibəsində deyib ki, ABŞ və Azərbaycan arasında enerji və təhlükəsizlik maraqları olsa da lazım gələrsə, müəyyən rəsmilərə qarşı sanksiyaların tətbiqi üçün siyasi iradə olacaq.
“Mən başa düşürəm ki, prezident administrasiyasında bir sıra rəsmilər kimlərinsə adlarının sanksiya siyahısına düşməməsini istəyə bilərlər. Yeni qanunun əhəmiyyəti də burasındadır ki, o sanksiya üçün adların Konqres üzvləri tərəfindən verilməsini də nəzərdə tutur. Amerikanın insan haqları qrupları da sanksiyaların tətbiq olunması üçün Azərbaycan rəsmilərinin adlarını təqdim edə bilər. Yəni burada böyük bir təzyiq olacaq” – deyib Daniel Calingaert.