Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov həmkarı Qüdrət Həsənquliyevə irad bildirib.O,deyib “Tənqid fəlsəfəsinə baxsaq görərik ki, müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir. Çünki iqtidar hökumətin nümayəndəsidir, ona dəstəkdir. Amma tənqidin də forması olmalıdır. Misal üçün hökuməti tənqid edirsiniz, lakin burada Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovu müdafə edirsiniz. Nəzərə alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür. Bu baxımdan konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur.
Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aiddiyəti yoxdur. Bəzi həmkarlarımız tənqid edir, buradan çıxanda o nazirə deyir ki, “səni nəzərdə tutmurdum, başqasını nəzərdə tuturdum”. Başqa naziri də görəndə eyni sözü deyirlər. Ona görə də tənqid edəndə konkret ünvana sözünüzü deyin, ümumi şəkildə hökumətin adına tənqid söyləməyin. Kim pis işləyirsə, onun adını çəkin, sabah da münasibətinizi ona uyğun qurun!”