Müsahibimiz iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah hərəkatının rəhbəri Qubad İbadoğludur.
– Neftin qiyməti enməkdə davam edir. Rusiya rublu ucuzlaşaraq psixoloji həddi keçməkdədir. Azərbaycanda da ikinci devalvasiyadan danışılır. Sizin proqnozlarınız necədir? Azərbaycanın neftdən asılı iqtisadiyyatını hansı sınaqlar gözləyir?
– Bütün bunlar biz iqtisadçılar üçün çoxdan gözlənilən idi. Odur ki, ekspert şərhlərimizdə bu məsələlərə davamlı toxunub narahatçılığımızı dəfələrlə mətbuat vasitəsilə ictimaiyyətlə, hakimiyyətlə bölüşmüşük.
– Bəs nə olacaq?
– Neft-qaz resursları ilə zəngin olan ölkələrin təcrübəsində belə vəziyyət müxtəlif dövrlərdə fərqli şəkildə müşahidə edilsə də yekunda ümumi nəticə həmin ölkələr üçün eyni oldu. O ölkələr əldə etdiyi gəlirlərdən bəhrələnərək çox və pis xərcləmə siyasəti ilə iqtisadiyyatı iflasa gətirib çıxartdılar. Təəssüf ki, Azərbaycan da o yolu seçdi. Son 15 ildə əldə edilən 120 milyard dollardan çox neft-qaz gəlirlərinin 70 faizdən çoxu ötən 10 ildə xərcləndi. İndi bütövlükdə 40 milyard dollardan bir az çox valyuta ehtiyatımız qalıb. Onun 35 milyard dollara qədəri Neft Fondunda, 5 milyard dolardan çoxu isə Mərkəzi Bankdadır. İlin sonuna cəmi valyuta ehtiyatlarının ən azı 5 milyard dollar azalacağı gözlənilir. Bunu şərtləndirən 2 başlıca səbəb hələ də qalır.
– Hansılar?
“İslahatların ləngidilməsi Azərbaycan maliyyə-bank sistemini iflasa aparır” |
– Bir tərəfdən rasional olmayan büdcənin izafi xərcləmələri üzərində qurulan fiskal, digər tərəfdən də nə iqtisadi qanunlara, nə də hazırkı konyukturaya adekvat olmayan inzibati tənzimlənən məzənnə siyasəti ehtiyatlarımızın sürətlə tükənməsinə gətirib çıxaracaq. Neft qiymətlərinə gəlincə, onun ucuzlaşması yeganə bir mənbədən qaynaqlanan maliyyə imkanlarımızı məhdudlaşdırsa da bu, yeganə faktor deyil və qiymət də hələ son həddə qədər enməyib. Qiymətlərlə yanaşı istehsal da aşağı düşür. Neft hasilatında 2010-cu illə müqayisədə 20 faiz azalma var. Hasilat dərin sulu laylarda aparıldığına görə xərclər artır. Bütün bunlar gəlirlərimizin ciddi şəkildə azalmasını şərtləndirir. Belə şəraitdə izafi idarəetmə xərcləri, bahalı investisiya layihələri ilə süni olaraq şişirdilmiş büdcə vasitəsilə dövlət gəlirləri sürətlə məsrəf olunur. Şişman büdcə hazırkı dövrdə iqtisadiyyat üçün ciddi problemlərdən hesab oluna bilər. Bütün bunlar iqtisadi və sosial vəziyyəti ağırlaşdırır və milli valyutanın sabitliyinə zəiflədici təsirlər göstərir.
Mərkəzi Bank inzibati yolla bazara müdaxilə edib, bu sabitliyi müvəqqəti qorumağa çalışsa da onlar da başa düşürlər ki, bu, vəziyyətdən çıxış yolu deyil. Çünki onların pisləşən iqtisadi göstəricilərə çıxışı bizdən daha operativ və çoxdur. Neft-qazla zəngin Rusiyada rublun və Qazaxıstanda təngənin başına gələnlərdən də nəticə çıxarılmır. Baxmayaraq ki, hər iki ölkədə iqtisadiyyatın şaxələnmə səviyyəsinə görə əlavə maliyyə qaynaqlarına çıxış imkanları bizdən dəfələrlə çoxdur, amma onların iqtisadiyyatı da bu təzyiqlərin qarşısında duruş gətirə bilmədi.
Hər iki ölkə vaxtında valyuta bazarını liberallaşdırmaqla “üzən” məzənnə siyasətinə üstünlük verdilər. Azərbaycanda da həmin gün gələcək və o gün nə qədər çox gecikdirilsə, iqtisadiyyata dəyən zərbələr bir o qədər də ağır olacaq. Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək, bir o qədər də manatın taleyi ilə bağlı narahatlıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. İslahatlar olmasa, manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər.
“O ölkələr əldə etdiyi gəlirlərdən bəhrələnərək çox və pis xərcləmə siyasəti ilə iqtisadiyyatı iflasa gətirib çıxartdılar. Təəssüf ki, Azərbaycan da o yolu seçdi” |
Hazırkı siyasətin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tamamilə xərclənməsinə gətirib çıxaracaq və bu halda həm valyuta ehtiyatlarını və həm də manatın dəyərini sürətlə itirə bilərik. Yeganə yol islahatlardan keçir, islahatların ləngidilməsi Azərbaycan maliyyə-bank sistemini iflasa aparır. Rəsmi rəqəmlərə görə, bu ilin 6 ayında depozitlərin 72,4 faizi banklara dollarla yerləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə valyutada beynəlxalq ehtiyatlar yarıbayarı azalıb. Bu hesablamalar Mərkəzi Bankın açıqladığı statistik məlumatlar əsasında aparılıb. Hər iki göstərici kapital bazarında manatın mövqeyinin xeyli zəiflədiyini, rəsmi ehtiyat aktivlərinin sürətlə azaldığını isbat edir. Hər iki qərarlaşmış tendensiya Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd eləmir. Birincisi, iqtisadiyyatın dollarlaşması ilə onun xarici faktorlardan asılılığını və ölkədən kapital axınını gücləndirir. İkincisi isə Mərkəzi Bankın daxili bazarda manevr qabiliyyətini və pul-kredit siyasətinə təsir imkanlarını getdikcə məhdudlaşdırır. Vəziyyətdən çıxış yolu valyuta bazarının liberallaşdırılması və rəqabətli investisiya mühitinin dəstəklənməsidir. Yeganə alternativ iqtisadi azadlıq və sağlam rəqabətin, açıq və korrupsiyasız xarici ticarətin, rasional fiskal siyasətin bazasında qurulan iqtisadi reformalardadır. Hökumət ilk növbədə inhisarçılığa və korrupsiya qarşı mübarizəni gücləndirməklə iqtisadiyyatın diversifikasiyasına və liberallaşdırılmasına, bununla da əlavə maliyyə qaynaqlarınını formalaşdırılmasına səy göstərməlidir.
“Neft hasilatında 2010-cu illə müqayisədə 20 faiz azalma var” |
– Sadə hesablamalar belə iqtisadiyyatın iflic vəziyyətə yaxınlaşdığını göstərir. Sizcə, bu həqiqətləri hökumətdə başa düşənlər yoxdur?
– Bu artıq qərarlaşmış tendensiyadır. Hökumətdə olanlar da başa düşürlər ki, Azərbaycan manatının əvvəlki mövqeyini orta və uzunmüddətli dövrdə geri qaytarmaq mümkün deyil. Onun indiki səviyyədə sabitliyinin qorunması da izafi xərcləmələr tələb edir və valyuta ehtiyatları üzrə hökumətin mövqeyini günbəgün zəiflədir. Amma heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir. Çünki, açıq hökumət yoxdur, qərarların qəbulunda bu həqiqətləri başa düşən adamların iştirak imkanları sıfıra bərabərdir. Onların da aralarında ilk növbədə fikir ayrılıqları var, ikincisi isə hökumətin vahid əsasda konsepsiyası, proqramı yoxdur. Gələcəyi ona görə əvvəlcədən görə bilmirlər ki, indiki durumu düzgün dəyərləndirmirlər. Ona görə də Azərbaycan hökumətində iki qrup arasında mübarizə gedir. Birincilər indiki durumu olduğu kimi qəbul etsə də, onu etiraf etməyənlərdir. İkincilər mövcud durumu olduğu kimi qəbul edə bilməyən və hələ xəyallarla gələcək quranlardır. İkincilərin siyasi qərarlara təsiri güclü olduğundan vəziyyət nəinki yaxşılığa doğru dəyişməyəcək, hələ getdikcə daha da pisləşəcək.
– Pisləşəcək deyəndə nəyi nəzərdə tutursunuz? Nə baş verə bilər?
– Birincisi, dövlət gəlirlərinin və investisiyalarının azalmasına, eləcə də dövlət şirkətlərinin maliyyə vəziyyəti ağırlaşmasına və özəl sahibkarlıq mühitinin pisləşməsinə görə iş yerlərinin kütləvi bağlanması müşahidə olunacaq. Mənim ilkin hesablamama görə bu ilin sonuna qədər əlavə olaraq 30 minə qədər işçi iş yerini itirə bilər. Başqa bir tərəfdən Rusiyada işini və biznesini itirənlərin vətənə dönüşü başlayacaq. Hər iki amil əmək bazarında işsizlərin sayını artırmaqla sosial gərginliyi artıracaq. İkinci təhlükəni qiymətlərin artımından gözləyirəm.
“İslahatlar olmasa, manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər” |
Ölkədə inhisarçı şirkətlərin xüsusilə də qida məhsullarının qiymətini diktə etməsi, manatın devalvasiyasından sonra idxalın milli valyuta ilə bahalaşması ölkədə inflyasiyayaradıcı amilləri xeyli fəallaşdırıb. Xüsusilə də ərzaq qiymətlərin bahalaşması az və orta gəlirli əhalinin sosial vəziyyətini pisləşdirəcək, işsizlərin durumunu isə daha da ağırlaşdıracaq. Nəhayət, başqa bir təhlükə də bank və maliyyə bölməsindən gözlənilir. Bu isə müəyyən yığımlara malik olanların vəsaitini dəyərsizləşməsi və itirilməsi ilə nəticələnə bilər. Təbii, seçki qabağı dövrdə bütün bunlar hakimiyyət üçün arzuolunan deyil.
– Seçkidən söz düşmüşkən, Azərbaycanda seçki yaxınlaşır. Budəfəki seçkilər sizcə, necə bir ortamda keçəcək? İnsan haqları, siyasi məhbus məsələsinə görə Qərbin Azərbaycan iqtidarına basqı göstərəcəyi haqqında söylənənlər nə qədər əsaslı sayıla bilər? Ümumiyyətlə, Qərbin gündəmində Azərbaycandakı 1 noyabr seçkisi var?
– Bu günlərdə hətta prezident Lukaşenko ölkədəki bütün siyasi məhbusları əfv elədi. Yeganə yol milli həmrəylikdən və birlikdən keçir, cəmiyyətdə bunu təmin etmək üçün hakimiyyətin resursları tükənməyib. Azərbaycan hakimiyyətini də siyasi motivlərlə həbs olunmuş bütün şəxsləri azadlığa buraxmağa çağırıram. İndiki çətin siyasi və iqtisadi durumda bizə lazım olanlardan ən vacibi məhz budur. Bu baş verərsə və ölkədə iqtisadi azadlıqlar təmin olunarsa, o halda biz çətinlikləri daha tez dəf edə bilərik. Mənim üçün ən ağırı Qarabağın geri qaytarılmasına imkanların və ona olan inamların itirilməsidir. Qarabağı qaytarmağa nail olmaq üçün cəmiyyət sağlam və bütöv olmalıdır.
“Ötən ilin eyni dövrü ilə müqayisədə valyutada beynəlxalq ehtiyatlar yarıbayarı azalıb” |
Gözlənilən seçkilərə bir ssenari üzrə baxmaq düzgün deyil. Arzuladığım ssenari haqqında artıq fikrimi bildirdim. Gözləntilərə gəlincə, o, bizim arzularımızdan fərqli ola bilər. Bu seçki öncəsi və seçkidən sonra da repressiyaların artmasına gətirib çıxara bilər. Qərbin bu məsələyə münasibətini də birmənalı qiymətləndirmək düzgün deyil, orda da haqlı yanaşmalar insan haqlarına hörmətlə, siyasi məhbuslara azadlıqla, vətəndaş cəmiyyətinin və azad mətbuatın fəaliyyət imkanlarının daralmasına etirazla bağlı çağırışlarda müşahidə olunur, amma Qarabağın azad edilməsi ilə bağlı Azərbaycanın haqq səsinin müdafiə olunmasında eyni mövqeni ardıcıl görmək mümkün deyil.
– Seçki dönəmində, ya da seçkidən sonra vətəndaş cəmiyyəti institutları ilə bağlı siyasətdə hansısa dəyişikliklərin ola biləcəyini ehtimal edirsinizmi? Sizin, digər QHT-lərin bank hesabınız açılacaqmı?
– Ehtimal həmişə var, amma xüsusilə ciddi dəyişikliklər gözləmirəm. Hesab edirəm ki, bu istiqamətdə artıq hakimiyyət öz hədəflərinə nail olub. Onsuz da bağlanan hesabların açılması nəyisə ciddi şəkildə dəyişdirməyəcək.
– Sizin Azərbaycan dönüşünüzlə bu məsələ arasında hansısa bağlantı varmı?
– Bu iki məsələ arasında heç bir əlaqə yoxdur. Hesablar bağlı olanda da, vətəndaş cəmiyyətinə təzyiqlər pik həddə qədər qalxanda da mən vətəndə fəaliyyətimi davam etdirmişəm və mövqeyimi açıq şəkildə bildirmişəm. Daxilən həmişə özümə arxayın olmuşam, indi də arxayınam, çünki bütün fəaliyyətimdə Azərbaycan qanunlarına riayət etmişəm, bir sözlə, işimi həmişə düzgün qurmuşam.
– Siz nə qədər ABŞ-da yaşamağı planlaşdırırsınız? Azərbaycana dönüşünüz nədən asılıdır?
– ABŞ-dakı fəaliyyətim planlarım üzrə davam edir. Proqramlarım qısa müddətlidir, onları bitirən kimi vətənə dönəcəm. Proqramın birini bitirmişəm. İkincisi universitet əsaslıdır. Onu dünyaca ünlü Duke Universitetində davam etdirəcəyəm. Həmin universitetdə ilk azərbaycanlı professor olaraq həm pedoqoji fəaliyyət, həm də iqtisadi araşdırmalarla məşğul olacağam. Burada Azərbaycanın fundamental olaraq iqtisadi inkişaf proqramının işlənməsini qərarlaşdırmışıq.
“Özəl sahibkarlıq mühitinin pisləşməsinə görə iş yerlərinin kütləvi bağlanması müşahidə olunacaq” |
Bu işə ABŞ universitetlərində fəaliyyət göstərən, regionun bir sıra keçid iqtisadiyyatlı ölkələrinin hökumətlərində müşavirlik edən təcrübəli professorlar da cəlb olunub. Ümid edirəm, onlarla birlikdə hazırladığım proqram azad və firavan Azərbaycan qurulmasına ciddi və dəyərli töhfə olacaq. Vətənə qayıdaraq həmin proqram ətrafında yerli ekspertlərlə birlikdə müzakirələrə başlayacağam və onların da rəyləri nəzərə alınmaqla proqramı Azərbaycan ictimaiyyətinə və hakimiyyətinə təqdim edəcəyəm.
– Müsavat Partiyasındakı prosesləri izləyirsizmi? Sizə qarşı ittihamlar var. Onlara cavabınız nədir? Konkret Ədliyyə Nazirliyinə müraciət edilməsi ilə bağlı…
– Azərbaycandan kənarda yaşayanda ölkədə baş verənlərə daha həssas olursan. Proseslər barədə müxtəlif mənbələrdən davamlı məlumatlar alıram. Müsavat Partiyasında baş verənləri ürək ağrısı ilə izləyirəm. Ömrümün ən məhsuldar 18 ilini verdiyim partiyanın düşdüyü vəziyyət məni çox məyus edir. Ünvanıma deyilənlər kimlərinsə öz günahlarını başqasının üzərinə atıb, özlərini təmizə çıxarmaq istəklərindən irəli gəlir. Mən həmişə Müsavatın güclü olmasını arzulamışam, indi də o fikirdəyəm ki, Azərbaycana güclü Müsavat lazımdır. Çünki Müsavat bir adama, bir ailəyə və bir qrupa məxsus, bir dönəmin partiyası deyil, o, bütün zamanların, tariximizin ən şərəfli partiyasıdır.
“Müsavatı bu günə salanlar məsuliyyətdən yayınmaq üçün məni ittiham edirlər” |
Bizim mübarizəmiz mənafe deyil, məfkurə mübarizəsi olub. Ona görə də Müsavat rəhbərliyinə tövsiyə edirəm ki, ADR-i ittiham etmək siyasətindən əl çəksinlər, partiyadakı qərarlarını nizamnaməyə uyğun versinlər və partiyadaxili demokratiyaya şərait yaratsınlar. ADR-in Müsavat problemi yoxdur, bizim planlarımız başqadır.
– ADP-in planlarında nələr var?
– ADR planlarında təşkilatlanma, portfellənmə və şəbəkələnmə var. Hazırda rayonlar üzrə təşkilatların sayı 40-a çatır, Azərbaycanın iqtisadi, təhsil, səhiyyə siyasəti ilə bağlı proqramlar işlənilir, əlaqələrimiz həm yerli, həm də regional səviyyədə genişlənir. Biz ictimai hərəkat olaraq 2015-ci il üçün fəaliyyət proqramımızın reallaşdırılması işini davam etdiririk.
Aygün MURADXANLI
(musavat.com)