Psixoloqdan ittihamlar “İntiharların səbəbkarı o korrupsionerlər, oliqarxlar, monopolistlərdir”.

“Azərbaycanda baş verən intiharların əksəriyyətinin səbəbi sosial-maddi problemlərdir”.

Bu sözləri psixoloq Dəyanət Rzayev son günlər artan intihar cəhdlərinin səbəbləriylə bağlı  deyib. Onun sözlərinə görə, Azərbaycanda baş verən intiharlar və özünü öldürmə cəhdlərinin səbəbləri dünyadan tamamilə fərqlənir: “Azərbaycanda baş verən intiharlar dünya standartları çərçivəsinə sığmır. Ümumiyyətlə dünya statistikasına nəzər salsaq görərik ki, intihar edən insanların əksəriyyəti 40 yaşdan yuxarı olur. Daha sonra bu siyahıda narkomanlar, sağalmaz xəstəliyə tutulanlar, ağrılardan əziyyət çəkən qoca insanlar var. Azərbaycanda isə qadınlar, uşaqlar, cavan kişilər intihar edir.

Bilirsiniz niyə? Qaz olan ölkədə qaz pulunu, neft çıxan ölkədə benzini, bahalaşdırırlar. Azərbaycanda həkimin maaşı 160 manatdır. Müəllim 150-200 manat maaş alır.

Mən müəlim tanıyıram ki, 3-4 yerdə işləyir. Gedir “kubik” daşıyır. Bu ölkədə intihar baş verməsin bəs nə olsun? Azərbaycanndakı intiharlar sosial, maddi və iqtisadi problemlərdən qaynaqlanır. Bu məsələ isə bu gün heç kimi maraqlandırmır”.

 

Psixoloq insanların maddi vəziyyətinin aşağı olmasında məmurları ittiham edib: “Yeni ailə qurmuş, yaxud azyaşlı uşaqları olan kişi bu bahaçılıqda gedib ac körpə uşağının gözünə baxa bilmir. 50 manat pensiya alan xəstə anası olan gənclər var, onlar nə etsinlər? Çıxış yolu kimi özlərini öldürməkdə görürlər. Mən deməzdim ki, bu, etirazdır. Bir tərəfdən etirazdır, həm də günahkarlıq hissidir. Öz valideyninin, uşağının qabağında günahkarlıq hissi… Bu da bilirsiniz nədən irəli gəlir? Həmin o korrupsionerlər, oliqarxlar, monopolistlərin milləti yeyib talamasından. İntiharların səbəbi onlardır.Pulları yatırırlar ya villalalara, ya da xarici banklara. Zavod açmırlar, bir iş yeri yaratmırlar ki, camaat da özünə çörək pulu qazansın. Dövlətə də gəlir gətirsinlər. Əlləri də hər yerdən üzülən camaat çarə kimi ölümü seçir”.Bakı Post