Bu təltif Əli Əsədova vida hədiyyəsidir?

ilham eldarÖlkə başçısı Eldar Mahmudovun qohumuna niyə orden verdi?

Ölkə başçısı İlham Əliyevin Əli Əsədovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi çüxtəlif mülahizələrə səbəb olub. Qeyd edək ki, Əli Əsədov prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsini daşıyır. Vaxtilə hakimiyyətdə böyük nüfuz sahibi olan Əli Əsədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra kölgəyə çəkilib. Bəzi iddialara görə, Eldar Mahmudovla qohumluq əlaqələri onun hakimiyyətdəki nüfuzuna ciddi zərbə vurub. Təsadüfi deyil ki, keçmiş nazir işdən çıxarılandan sonra mətbuatda Əli Əsədov barədə də ilginc məlumatlar yayıldı. Bu məlumatlarda prezidentin köməkçisinin də MTN-dəki məlum şəbəkə ilə bağlantıları barədə iddialar yer alırdı. Bildirildi ki, Eldar Mahmudovun “vurulması” Əli Əsədovun da karyerasının sona çatması ilə nəticələnəcək. Lakin bu baş vermədi. Əvəzində göründüyü kimi İlham Əliyev Əli Əsədovu təltif etdi.

Ehtimal olunur ki, bu təltif Əli Əsədova vida hədiyyəsidir. Mümkündür ki, prezidentin köməkçisi “MTN işi”ndə əhəmiyyətli rol oynamasa da, ona etimad bir qədər zəifləyib və ölkə başçısı onunla vidalaşmaq qərarına gəlib. Hakimiyyətin təcrübəsində bəzi məmurların ordenlə istefaya göndərilməsinə rast gəlinib. Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun təltif edilərək işdən çıxarılması buna parlaq nümunə sayıla bilər.