Avropada təhsilin qarşısını alırlar, Rusiyada isə 14000 azərbaycanlı təhsil alır
Mövcud hakimiyyətin dövründə ölkənin bütün sahələri zədələndi, bütün sahələrin müalicəyə ehtiyacı var. Təhsil sahəsində isə “qanaxma” dayanmır. Orta məktəblərdə imtahan nəticələri rüsvayçı, ali məktəblərdə rüşvət at oynadır, təhsil repetitorlardan asılı vəziyyətə düşüb, müəllim dilənçi maaşına möhtac olub, xaricdə təhsil proqramı dayandırılıb və.s
Bugünlərdə isə məlum oldu ki, Rusiyada 14000 azərbaycanlı tələbə təhsil alır. Bu barədə Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva məlumat verib. Olduqca maraqlı statistikadır. Niyə, Avropa ölkələrinə tələbələrin axınının qarşısı alınır, niyə dövlət xəttiylə Qərb ölkələrində təhsilə imkan yaradılmır? Hətta tək-tük tələbələr Avropaya təhsil almaq üçün göndəriləndə, bu adamlarla bağlı böyük araşdırma aparılır, nəsli-nəcabəti öyrənilir. Bu gün xaricdə təhsil alanların əksəriyyəti iri və orta məmurların övladlarıdır. Öz övladlarını Avropa, ABŞ Universitetlərinə təhsil almağa göndərsələr də, sadə vətəndaşın bu ölkələrdə təhsilinə qadağa qoyurlar.
Azərbaycana ən böyük zərbələr Rusiyadan gəlib. 20 yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı birbaşa Rusiyanın əl işidir və bu gün də Ermənistana birmənalı dəstəyi Rusiya verir. Hətta Rusiya Və Ermənistan ordularının birləşdirilməsiylə bağlı sərəncam da imzalandı. Göründüyü kimi Azərbyacanın ərazibütövlüyünü dəstəkləyən ölkələrə tələbə göndərimləsinə əngəllər yaradılır, ərazimizi bölənlərin ölkəsində isə 14000 tələbə təhsil alır.
Əsas səbəb budur ki, hakimiyyət ölkə gənclərinin Avropa təhsili görməsini, Avropa standartlarını mənimsəməsini istəmir. Çünki, Avropada təhsil alan gənc insan haqlarının, şəffaflığın, azad seçkinin mahiyyətini dərk edəcək, kölə kimi yaşamaqdan imtina edəcək, tənəzzülü tərəqqi kimi qiymətləndirməyəcək. Qısası, Azərbaycanda hansı cəhənnəmin yaradıldığını və bu cəhənnəmin kimlərin yaratdığını aydın dərk edəcəklər. Və belə gənclər öz ətraflarında da təbliğat aparacaq, cəmiyyətin gözlərini açmağa çalışacaqlar.
Rusiyada bütün bunların heş bir önəmi yoxdur və Rusiya Azərbaycan hökumətindən azadlıq, demokratiya tələb etmir. Hər iki ölkənin hakimiyəti siyasi və mənəvi baxımdan eyni dəyərləri bölüşür.
Demək istəyirik ki, Rusiyada təhsil alanların üstünlük təşkil etməsi hakimiyyətin şəxsi maraqları ilə bağlıdır. Xaricdə təhsil alanların sayını çox göstərirlər, bunu təhsilə qayğı kimi təqdim edirlər. Amma araşdıranda məlum olur ki, gənclər əsasən qeyri-demokratik ölkələrə yönəldilir. Əgər hakimiyyətin məqsədi təhsili inkişaf etdirmək, müasir standartlara cavab verən kadrlar yetişdirmək, qabaqcıl dünya təcrübəsindən yararlanmaq olsaydı, bugün fərqli mənzərənin şahidi olardıq.
Bir sözlə, Azərbaycan təhsili də avtoritarizmin qurbanına çevrilib.
Samir