Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputatlara irad tutub.
O, deputatların saytlara müsahibə vermək üçün sinov getdiklərini deyib: “Bu nə xəstəlikdir sizdə? Bir çoxlarınız müsahibə vermək üçün sinov gedir. Diqqətli olmaq lazımdır. Müsahibə verdiyiniz saytlara baxın ki, sizin sözünüzü bir yox, bir neçə dəfə təhrif edib verə bilərlər. Hamı bəhsə girib müsahibə vermək istəyir və nəticədə belə olur”.
Spiker müsahibələrinə görə ən çox tənqid olunan deputatlardan biri Hadı Rəcəbliyə də xəbərdarlıq edib: “Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, bax gör hansı adamlara müsahibə verirsən. Hadı müəllimdən şəxsən xahiş etdim ki, müsahibə verəndə bilsin hara və necə müsahibə verir”.Məlumat üçün bildirək ki, parlamentin komitə sədri Hadı Rəcəblinin mətbuata verdiyi son müsahibələr ölkədə ciddi etirazlara səbəb olub. Deputat müsahibələrinin birində “Müəllim dolana bilmirsə, işdən sonra fəhləlik eləsin”, digərində isə “Şəhid ailələri, Qarabağ əlillərinə dövlət nəyə görə dərman, nəqliyyat pulu verməlidir?” deyib.