Xəbər verdiyimiz kimi, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Qazın illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik, işığın isə aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Bundan əlavə bir sıra dərmanların qiymətləri artırılıb.
İqtisadçı ekspertlər qaz və işığın bahalaşmasının bir çox sahələrdə qiymət artımına səbəb olacağını proqnozlaşdırır.
Ümid partiyasının sədri İqbal Ağazadə hesab edir ki, qiymət artımından sonra əhalinin sosial vəziyyəti ağırlaşacaq:
“İşıq və qazın qiymətinin qalxması ölkədə istehsal olunan bütün məhsulların qiymətinə təsir edəcək. Sürətlə qiymət qalxacaq. Çox güman ki, yaxın vaxtlarda yanacağın da qiyməti qalxacaq. Yanacağın qiyməti artandan sonra proses daha sürətli bahalaşmaya doğru gedəcək. O cümlədən əhalinin sosial vəziyyəti ağırlaşacaq. Çünki Azərbaycanın bütün kənd rayonlarında qızdırılma sistemləri qaz və işıq vasitəsi ilə həyata keçirilir.
Elektrik enerjisinin 11 qəpik olması çox baha və fantastik bir qiymətdir. O cümlədən qazın qiymətinin 20 qəpiyə qaldırılması acınacaqlı bir vəziyyət yaradacaq. Hesab edirəm ki, bundan sonra əhalinin vəziyyəti çox pis olacaq. Kasıblaşma kəskin artacaq. Bunun da büdcəyə xeyri olmayacaq. Əksinə olaraq qiymət artımın büdcəyə xeyri olacağını deyənlər yanılır. Çünki insanlar bir dəfə 1500 kubmetr istifadə edəndən sonra ikinci dəfə qazdan istifadə etməyəcək. Demək olar ki, tamamilə qazdan istifadə etməyi saxlayacaq”.