Elvin Abdullayev barəsində 4 ay həbs-qətimkan tədbiri seçildi, digərlərinə isə basqılar davam edir
“Oğlumun həbsi sifarişlidir və əvvəlcədən hazırlanıb”
Xətai rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Elvin Abdullayev cinayət məcəlləsinin 234-cü maddəsi ilə ( CM bu maddəsi qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə kimi kimi hallarla məşqul olan adamlara şamil edilir) ittiham olunur.
Xatırladaq ki, bu maddə daha çox siyasi fəalların şərlənməsində istifadə olunur. Təsadüfü deyil ki, siyasi düşərgədə bu maddəyə “müxalifət maddəsi”də deyilir. Gənc fəalın anası da oğlunun AXCP üzvü olduğuna, sosial şəbəkələrdəki aktivliyinə görə şərlənərək həbs olunduğuna şübhə etmir: “Oğlum cəbhəçidir, “facebook” fəaldır. Başqalarını necə şərləyib həbs ediblər, mənim oğlumu da elə. Universitet tələbəsi, imtahanlarda yüksək nəticələr əldə edən, ikici təhsili alan uşaq necə narkotiklə şərlənə bilər? Elvin şərlənib və onun həbsi sifarişlidir, əvvəlcədən hazırlanıb. İndiki gəncliyə və oğluma üzümü tutub deyirəm ki, iradənizdən dönməyin, əzmli olun və hər zaman haqqın yannda olun”.
Elvin Abdullayev 2 gün Nərimanov rayon təcridxanasında saxlanılıb. Əvvəlcə onun saxlanması haqda heç bir məlumat verilmirdi. Ötən gün Elvin Abdullayevin vəkili Bəhruz Bayramov işi aparan müstəntiqlə danışıb və məlum olub ki, o, narkotika ittihamı ilə saxlanılıb.
Qeyd edək ki, artıq AXCP Gənclər Komitəsinin 4 üzvü müxtəlif ittihamlarla həbs olunub. Elvin Abdullayev də sosial şəbəkələrin fəal iştirakçısıdır və hakimiyyətin siyasətini kəskin tənqid edən statuslar yazır. Hakimiyyət isə öz ənənəsinə sadiq qalaraq tənqidçilərini cəzalandırmağa davam edir.
Elvin Abdullayevdən başqa təkcə Bakıda yox ölkənin müxtəlif rayonlarda olan AXCP fəallarına da basqılar davm edir. Aqil Məhərrəmli, Səməd Ələkbərov, Teymur Kərimov, Rail Behbudov, Murad Həsənov, Şahbaba Səlimov və digərləri yaşadıqları ərazi üzrə polis bölmələrinə çağırılıblar və onların bəziləri orda təhqir ediliblər və AXCP -ni tərk etmələri tələbi ilə üzləşiblər. Bu fəallardan kimlərinsə yaxın zamanlarda yenidən uzan müddətli həbs edilməsi ehtimalı olduqca şoxdur.