Ermənistanın qəbul etdiyi yeni qanuna görə, yüksək vəzifəlilər və ya onların ailə üzvləri əldə etdikləri var-dövlətin mənbəyini göstərə və qanuniliyini əsaslandıra bilməyəcəklərsə, qısa müddətdə məsuliyyətə cəlb olunacaqlar
Ermənistan hökuməti qanunsuz varlanmanın önünü kəsəcək qanun layihəsini təsdiqləyib. Bu qanuna görə, yüksək vəzifəlilər və ya onların ailə üzvləri əldə etdikləri var-dövlətin mənbəyini göstərə, onun qanuniliyini əsaslandıra bilməyəcəklərsə, qısa müddətdə məsuliyyətə cəlb olunacaqlar.
Qanun 600 nəfərə tətbiq olunacaq
AzadlıqRadiosu erməni xidməti–nin xəbərinə görə, noyabrın 18-də Ermənistan Nazirlər Kabinetinin toplantısında Cinayət Məcəlləsinə əlavə və düzəlişlər müzakirəyə çıxarılıb. Xəbərdə deyilir ki, qanunun bu tələbi nazirlər, hakimlər və onların ailələri də daxil, 600 vəzifəli şəxsə tətbiq olunacaq. Bu şəxslər qanunla öz aktivləri barədə xüsusi dövlət komissiyasına xəbər verməyə borcludurlar.
Sözügedən qanun layihəsinin müəllifi ədliyyə naziri Arpine Ovvanisian-dır. Nazirin sözlərinə görə, subyekt “Dövlət xidməti haqqında” qanuna uyğun olaraq gəlir bəyannaməsini təqdim edərkən, aktivlərinin artımı rəsmi gəlirlərini “külli miqdarda” aşdıqda və bu hal “inandırıcı şəkildə” açıqlanmadıqda,hətta qanunsuz varlanmanın əsasını təşkil edən digər cinayətlər sübuta yetirilmədikdə belə, cızalandırılacaq. Ədliyyə naziri bir daha xatırladıb ki, “subyekt” deyilərkən, uyğun dövrdə aktiv və öhdəlikləri artıb-azalan yüksəkvəzifəli şəxslər və onlarla bağlı olanlar, ayrıca gəlir bəyannaməsi təqdim etməli olan adamlar nəzərdə tutulur.
Gəlir 10 min dolları aşarsa…
Arpine Ovannisian qanun layihəsindəki “külli miqdarda” ifadəsinə də aydınlıq gətirib. O, “külli miqdarda” dedikdə, “5 milyon dramı (təxminən 10,4 min dolları) aşan kəmiyət nəzərdə tutulur”,- deyib.
Nazir eyni zamanda, “Dövlət xidməti haqqında” qanuna dəyişikliklər də təklif edib. Bu qanuna görə, yüksəkvəzifəli şəxslər və onların ailələri 2 milyon dramı aşan (təxminən 4 min dolları) pul ianələri və başqa daxilolmalar üçün nağdsız ödəmələr etməyə borclu olacaqlar. Hökumət bu təklifi də dəstəkləyib.
Sözügedən düzəlişlər parlamentdə qəbul ediləndən və prezident onları imzalayandan sonra qüvvəyə minəcək.