Çovdarovun qohumları Mahmudovun da həbsini istəyir – ÖZƏL

 

 Həbsdə olan MTN generalı Akif Çovdarovun qohumları keçmiş nazir Eldar Mahmudovun da məsuliyyətə cəlb olunmasını tələb edir

Bu barədə tərəfdar.az-a məhbus generalın Gürcüstanın Marneuli rayonu, Algeti kəndində yaşayan yaxınları bildirib.1479487797_3

Onların sözlərinə görə, MTN işi üzrə ləğv olunmuş nazirliyin rəhbəri də həbs edilməlidir. Çovdarovun qohumları hesab edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi varsa, onların fəaliyyəti E.Mahmudovdan icazəsiz ola bilməzdi.

Ona görə də Algeti kəndində yaşayan general qohumlarının fikrincə, sabiq MTN şefi barəsində də məhkəmə başlamalıdır.

Kənddə yaşayan sakinlər bildiriblər ki, bütün bu hadisələrə görə tutulan MTN generalları və vəzifəliləri nazirin əmri olmadan hərəkət edə bilməzdi.

Ancaq onun məsuliyyətə cəlb olunmaması və bütün ittihamların Çovdarovun üstünə yıxılması sakinləri narazı salıb. Məlumata görə, MTN işi üzrə tutulanların əksəriyyəti istintaqa ifadəsində E.Mahmudovdan təlimatlar aldığını etiraf edib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.