Əziz analar! Bu şəklə diqqətlə baxmanızı sizlərin hər birinizdən xahiş edirəm. Bu mənim oğlum Rüfətdir, dəmir qəfəsin içindədir. Mənim üçün nə qədər ağır və iztirablı olsa da,bu şəkli ömrümün sonundək köksümdə yaşadacağam. Günahsız Rüfətin əzablı həyatından bir xatirə olaraq bu görüntü məni haqsız və ədalətsiz incidilən,azadlıqdan məhrum edilib həbsxana divarları arasına salınan övladlarımzın taleyi ilə oynayan kəslərlə mübarizəyə əbədi olaraq ruhlandıracaqdır. Rüfəti heç belə görmək istəməzdim. Amma nə etməli ki, Allah məni bu sınağa çəkdi. Adətən,terrorçunu,adam öldürəni,cəmiyyət üçün təhlükəli caniləri,qatilləri bu cür vəziyyətdə məhkəmə önünə çıxarırlar. Görəsən, Rüfət bunlardan hansı birinə haqq etmişdir ki, ona belə münasibət göstərilir. O, çalışdığı hüquq sistemində baş verən qanunsuzluqlara,insan haqlarının və azadlıqlarının tapdanmasına qarşı çıxaraq düz sözü, doğru fikri söylədiyinə görə həsbxanaya atılmışdır.İndi onu baxın əziz analar,bu şəkildə mühakimə edirlər. Dəmir qəfəsə salmaqla guya ki,böyük qəhrəmanlıq göstərirlər.Bu da bir işgəncə növüdür ki,.Rüfətin üzərində sınaqdan keçirirlər. Bir ana olaraq etirazımı bildiriəm. Oğru, cibgir, narkoman, ev yıxan, dövlətin və xalqın malını göyə sovurub üstündən də bir stəkan sərin su içərək gününü eyş-işrətlə keçirən övlad böyütməmişəm. Çevrələriniz bu cür övladlarla dop-doludur. Heç olmazsa hərdən öz əhatənizə baxıb günahlarınızın sayını artırmayın. Gün gələcək haqq sözü deyənlərin başına od-alov yağdıran hökm sahiblərindən bunların cavabları sorulacaq. Axı niyə insanların taleyi ilə acımasız oynayırsınız? Heç Allah qorxunuz varmı? Bu qədər amansızlıqlara imza atmaqla haralara qədər getmək istəyirsiniz. Deyin bilək… Bəlkə elə bilirsiniz mənim və mənim kimi ana-bacıların Allahı yoxdur? Düşünməyin elə, var. Bizim də Allahımız var! Göylərdən baxır o tək Allah! Haqqı öz yerinə gətirəcək,günahsızların üzünə qapıları taybatay açacaq. Hələ ki, zaman sizindir, nə pislik var edin, yaxşılıq deyil ki, əllərinizdən gəlməsin.
Dəmir barmaqlıqlar arasına salınan oğluma səslənirəm: Dözümü ol, Rüfətim. Bu sənin taleyindir, qismətindir. Mübarizəni mərdi-mərdanə apar, əvvəl sənə nə deyirdimsə, yenə fikrimdə qalıram. Sonuna qədər bu mübarizə yolundə bir ana kimi səninlə bərabərəm. Biz birlikdə güclüyük. Ona görə də heç qəm-qüssə etmə. O dəmir qəfəsdə görüntülərin mənim üçün nə qədər əzablı olsa da ana qürurumu sındıra bilməyib. Səni haqqı söylədiyinə görə bağışlamadılar.Çünki indi dürüst mövqe,doğu fikir terrorçudan,canidən,ölkə sərvətlərini talayanlardan daha təhlükəlidir.
Rüşvətxorlar Rüfəti rüşvət adı ilə tutdurlar. Baş prokurora sözlərim var. Niyə,nədən 2014-cü ildə guya ki, baş vermiş işləri 2016-cı ildə-iki il sonra “açmalı” oldunuz. Yoxsa bütün işlərdə belə gec tərpənirsiniz? Çox yubanmısınız. İki il gözləməyiniz, səbrli davranmanız doğrudan çox qəribə səslənir. Bəlkə yatmışdınız, üstündən iki il keçəndən sonra yuxudan birdən ayılıb gördünüz ki, müstəntiq Rüfət Səfərov Zərdab rayon prokurorluğunu rüşvət yuvasına çevirib. Əhsən sizin kimi baş prokurora. Nəzarətiniz, rəhbərliyiniz bu cürdürsə vay bu millətin halına. Suallarımın sayı tükənməzdir. Amma belə baş prokuror üçün faydası nə?! Hökm, ixtiyar sahibi olduğunu zənn edib yəqin elə düşünür ki,oturduğu stul ona əbədiyyən verilmişdir. Yox, baş prokuror,fikirləşməyin belə. Ancaq hər dəfə işinizi bitirib evinizə dönərkən həyat yoldaşınıza, övladlarınızın anasına, nəvələrinizin üzünə baxıb daxilən də olsa özünüzə bir sual verin. Allah naminə nəyi düz edib-etmədiyiniz özünüzdən soruşun…
Bu dünyanın boyu çox uzundur. O dəmir qəfəslərdə çox yerdəyişmələrin şahidi olmuşuq. Axı günahsızların da Allahı var…
Rüfətin anası Tahirə Səfərova