Müsahibimiz Siyasi ictimai fəal Pərviz Məmmədovdur: Azərbaycanda dini fanatizmin yayılmaması üçün gənclər arasında xüsusi maarifləndirmə işləri həyata keçirilməlidir ki, yaranmış ideoloji boşluq aradan qalxsın.
– Pərviz bəy, Azərbaycanda dini fəaliyyəti necə qiymətləndirirsiniz? – Bilirsiniz, Azərbaycanda siyasi idarəetmənin gətirdiyi bir qrup problemlər vardır ki, bunlar dini fəaliyyət, inanclı insanların normal dini ibadətlə məşğul olmasına da mane olur. Eyni zamanda hakimiyyətin apardığı yrıtmaz siyasət müxtəlif dini qrupların yaranmasına səbəb olur və sonra onun qarşısını almaq çətin olur. Sonra da hökumət Nardaranda sonu faciəylə nəticələnən addımlar atır. Halbuki, nardaranın küçələrində ərəb əlifbasıyla yazılan yazıları və dini təmayülü normal qaydada aradan qaldırmaq lazım idi. Bu gün hamı vəhabilərin güclənməsindən danışır. Əgər sən hökumət olaraq normal dini maarifləndirmə aparmırsansa maraqlı qüvvələrin aktivləşməsi təbiidir.
Sizcə, Azərbaycanda hökumət nələr edir ki, dediyiniz problemlər yaranır? – İlk növbədə qeyd edim ki, din insanların sığındığı bir təsisatdır və inanclı insanların normal fəaliyyəti dövlətin əsas siyasətlərindən birini təşkil edir. Məsələn, hamıya məlumdur ki, Gəncə şəhərində şiə məzhəbli inanclı insanlar var və onlar aşura mərasimini hər il qeyd edirlər. Ötən il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin məqsədli qarşıdurma yaratması cəmiyyətdə birmənalı qarşılanmadı. Digər tərəfdən vəhabi təriqətinin yayılması da ölkədə dini ideologiyanın zəif olmasını göstərir. Bu gün Azərbaycanda fəaliyyət göstərən istər Dini Qurumlarla Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları Ruhani İdarəsi öz funksiyasını yerinə yetirə bilmir. Buna görə də, digər təriqətlər güclənmişdir.
Pərviz bəy, sizcə nə kimi islahatlar aparılmalıdır ki, Azərbaycanda dindarlar normal dini fəaliyyətlə məşğul olsunlar? – İlk növbədə Azərbaycanda dini qurumlarla iş üzrə Dövlət Komitəsinin strukturunda ciddi dəyişiklik olunmalıdır. Komitə təkcə inzibati idarə olmalı deyil, eyni zamanda maarifləndirmə işlərinin inkişafına dəstək verməlidir. Azərbaycanın bütün təhsil sistemində dini dərslər keçirilməlidir. Həm də bu müəssisələrdə həqiqi müasir düşüncəli din xadimləri xidmət göstərməlidir. Azərbaycanda dini fanatizmin yayılmaması üçün cənclər arasında xüsusi maarifləndirmə işləri həyata keçirilməlidir ki, yaranmış ideoloji boşluq aradan qalxsın. Bu zaman biz hansısa Azərbaycan vətəndaşının sorağını ya İŞİD düşərgəsindən, ya da Suriyadan eşitməyəcəyik. Bizim demək istədiklərimizin əsasınmda məhz bu amillər dayanır.
O.Xəyal 15.06.2016