Fuad Qəhrəmanlının «Facebook» statusunu bəyəndiyi üçün məhkəmədə dindirilən HƏKİM.

Həkim «Facebook» sosial şəbəkəsində şərh yazdığına görə dindirilib. Səbəb onun AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Azərbaycanda seçkinin saxtalaşdırılması barədə «Facebook» statusuna şərh yazmasıdır. Ürəyindən 6 dəfə əməliyyat olunmuş, özü də ürək həkimi olan Hüseynbala Mehdiyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib. Bu barədə o, noyabrın 14-də Fuad Qəhrəmanlı, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, 18 nəfərin mühakimə olunduğu «Nardaran işi» üzrə məhkəmədə danışıb.%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-3

F.Qəhrəmanlını indiyədək real həyatda görmədiyini, ancaq onu ləyaqətli, cəsarətli, vətənpərvər biri kimi tanıdığını deyən H.Mehdiyev qeyd edib ki, «bandotdel»dən çıxandan sonra «Facebook»da şərh yazmağı da, yazıları bəyənməyi də tərgidib.

«Azərbaycanda hər şeyin seçki yolu ilə olmasını istəyirəm. Bu, mənim arzumdur. Hesab edirəm ki, nə olursa olsun, mütləq seçkiyə getmək lazımdır, başqa yolu yoxdur. Amma ağlıma gəlməzdi ki, bir «comment»ə görə «banditizm»ə çağırarlar. Elə birdəfəlik elan eləsinlər ki, «comment» yazmayın, biz də yazmazdıq. Məni o idarədən çağırandan sonra gedib məsələnin mahiyyətini bilənə qədər nə qədər stress keçirdim», – şahid həkim deyib.

Onun istintaqa ifadəsində F.Qəhrəmanlının əleyhinə fikirlər yer alıb, amma o, ifadəni təsdiqləməyib. Bildirib ki, həmin vaxt üstündə eynəyi olmadığından müstəntiqin nə yazdığını oxuya bilməyib: «Müstəntiqlə səmimi söhbət elədik. Həkim olduğumu biləndə elə daha çox xəstəliklərdən danışdıq. Hətta müəyyən məsələlərə görə ona dedim ki, sən evlənməlisən».

F.Qəhrəmanlı bu cür mövqeyinə görə H.Mehdiyevə təşəkkür edib: «Bütün bu baş verənlər ittihamın nə qədər absurd olduğunu göstərir. Əgər bir şərhə görə insanlar «bandotdel»ə aparılırsa, görün o ölkədə söz azadlığı nə gündədir. Bu hakimiyyətin mahiyyəti şər üzərində qurulub, ona görə də söz azadlığından ermənidən daha çox qorxur. Amma hakimiyyətin zorakılığı cəmiyyəti mənəvi deqradasiyaya uğratmaq gücündə deyil».