AXCP sədri Əli Kərimli facebook səhifəsində “hərbi vəziyyət haqqında qanun”a nəzərdə tutulan dəyişikliklər barədə yazıb. Həmin yazını təqdim edirik:
Son vaxtların yeganə yaxşı xəbəri odur ki, hakimiyyət nəhayət, xalqdan qorxmağa başlayıb. Ona görə də mitinqləri, yürüşləri qadağan etməyə, Facebook, Twitter, Youtube və s. sosial şәbәkәlәri dayandırmağa bəhanələr düşünür. Hakimiyyət bu çoxdankı arzularını “Hərbi vəziyyət haqqında qanun”da nəzərdə tutmaq istəyir. Nə baş verir, Ermənistanla yenidən müharibəmi başlayır? Xeyr, müharibəyə hazırlaşan dövlət bircə ilin içində ordunun büdcəsindən 27 faiz kəsib, həmin pulları mənasız şou və yarışmalara xərcləməz. Müharibəyə hazırlaşan dövlət şəhid ailələrinin “qanpulunu” yeməz. Deməli, torpaqların azad edilməsi uğrunda böyük savaşdan yox, hərbi vəziyyətin də imitasiyasından söhbət gedə bilər. Ancaq hakimiyyət gərək unutmasın ki, Xalq Hərəkatı zamanında onun indi bağlamaq istədiyi sosial şəbəkələr yox idi, Bakıdakı ən böyük mitinq isə fövqəladə vəziyyət şəraitində keçirilmişdi.