Avqustun 4-də Mingəçevir müxalifətçisi Leyla Hacıyeva telefonla polisə çağırılıb. Müxalifətçi qadının polisə çağırılmasına səbəb 7ay öncə,28 fevralda 2015-cı ildə Bakıda Fəvvarələr Meydanında keçirilən aksiyada onun aktiv iştirak etməsidir. Leyla Hacıyeva deyir ki, polisə getməsi üçün çağırış vərəqəsi istəsə də polislər bundan imtina edib və çağırışa getməyəcəyi təqdirdə onu hədələyiblər:
(şəkil Facebook səhifəsindən götürülüb)
” Zəng edən Mingəçevir şəhər Polis İdarəsinin müstəntiqlərindən biri idi. Dedi ki, 28 fevralda keçirilən icazəsiz aksiyda hökumət nümayəndəsini təhqir etmişəm və buna görə mənə cinayət işi açılıb. Bu səbədən gedib izahat yazmalıymışam. 7 ay öncə baş verənlər indi yadlarına düşüb. O vaxt aksiyada iştirak etdim və daha sonra saxlanıb polisə aparıldım. Orada mənim zorla boynuma qoymaq istəyirdilər ki, guya prezidenti təhqir etmişəm. Bundan bir neçə gün sonra polisdən mənə dedilər ki, mənə cinayət işi açılıb. Əgər, bir də aksiyda iştirak etsəm, həmin cinayət işi ilə həbs edəcəklər. İndi seçki öncəsi müxalifətdən olan deputatlığa namizədlərin təbliğatın qoşulmuşam. Görünür bu onları narahat edir. Bunlar hamısı göz qorxutmaq üçündür. Əgər mənə cinayət işi açıblarsa rəsmi məktubla bildiriş göndərsinlər. Yalnız bundan sonra polisə gedib izahat yazaram”
Məsələyə münasibət öyrənmək üçün Mingəçevir şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbənin növbətçi hissəsindən Leyla Hacıyevanın siyasi fəaliyyətinə görə təqib olunduğunu və bun səbəbən polisə çağırıldığını təkzib etdilər. Şöbədən Leyla Hacıyevanın hansı səbəbdən polisə çağrılması ilə bağlı sualımıza cavab vermək istəmədilər.
Xatırladaq ki, Leyla Hacıyeva Bu il fevralın 28-də bir qrup hakimiyyətdən narazı şəxsin Bakıda təşkil etdiyi icazəsiz aksiyada iştirak edib. Həmin aksiyada on nəfərdən çox şəxs saxlanılmış, onların bəziləri xəbərdarlıq edilərək, bəziləri isə pul cəriməsi olunduqdan sonra sərbəst buraxılıb. Leyla Hacıyeva da saxlanılanlar arasında olub.