“Azərbayacana qarşı sanksiyalar layihəsinin müəllifləri də Trampın Partiyasının təmsilçisidir”.

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: ” Düşünmürəm ki, Trampın seçilməsi ABŞ-ın Azərbayacana münasibətdə demokratik tələblərindən geri çəkilməsi demək olacaq”

Seçkidə Respublikaçı nazmizəd Donald Trampın qalib gəlməsi ABŞ-ın xarici və daxili siyasətinin bundan sonra necə formalaşacağı ilə bağlı xeyli suallar yaradıb?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, ümumiyyətlə ABŞ-da prezident dəyişikliyi dövlətin xarici siyasətinə ciddi təsir etmir. G.Hacıbəylinin sözlərinə görə, düzdür prezidentlər bu və ya digər qərarların qəbul edilməsində həlledici səsə malikdirlər. Eyni zamanda onların fəaliyyətindən bir çox şeylər asılıdır: “ABŞ-da hakimiyyətə Respublikaçılar gəliblər. Respublikaçılar isə müharibə partiyası kimi tanınırlar. Bir çox məslələrə, xüsusilə Rusiyaya münasibətdə sərtlikləri ilə seçilirlər. Bütün seçki kampaniyası boyu Trampın Rusiya ilə əlaqələrinin xüsusilə vurğulanmasına baxmayaraq, Tramp seçildikdən sonra verdiyi ilk müsahibəsində Rusiyaya qarşı sanksiyaların daha sərtləşəcəyini, Donbas və Krımdan çıxmayana qədər Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmayacağını bildirib. Tramp Obamanı Rusiya ilə bağlı zəif və qətiyyətsiz mövqe sərgiləməkdə ittiham edib. Eyni sözləri demokratiya ilə bağlı məsələlərdə deyə bilərik. Helsinki Komissiyasının sədri və Azərbayacana qarşı sanksiyalar layihəsinin müəllifi Kristofer Smit, özünün ədalətli və prinsipial mövqeyi ilə fərqlənən Devid Kramer Respublikaçılar Partiyasının təmsilçisidir. Düşünmürəm ki, Trampın prezident seçilməsi ABŞ-ın Azərbayacana münasibətdə öz demokratik tələblərindən geri çəkilməsi demək olacaq”.

G.Hacıbəyli onu da vurğuladı ki, Trampın Obamanı Rusiyaya qarşı qətiyyətsizlikdə ittiham etməsi, ABŞ-ın digər avtoritar rejimlərə o cümlədən Azərbaycana münasibətdə daha da sərtləşməsində özünü göstərəcək. “Azərbaycana insan haqları və demokratiya ilə bağlı münasibətdə yumuşalmanın olmayacağını indidən söyləmək olar”, deyə G.Hacıbəyli vurğuladı.