Amerika xalqı seçimini etdi. Nə üçün Tramp?

xaliq-bahadirXaliq Bahadır

Uzun sürən… gərgin seçki marafonu arxada qaldı, Amerika xalqı prezidentini seçdi. Donald Tramp ABŞ-ın 45-ci prezidenti olmaq hüququnu qazandı. Tramp üçün bu seçkini udmaq çətin oldu, elə sekidə uduzmuş Hillari Klinton üçün də çə tin oldu. Başlıca çətinlik hər iki adayın populyarıqdan uzaq olmasında idi. Hillari dörd il dövlət katibi olmuş, o dörd il boyunca Liviya, İŞİD faktoru başda olmaqla bir sıra neqativlərlə yüklənmişdi. Bu neqativlər konkurent olmaqla Trampa üstünlüklər qazandırmaqla yanaşı, amerikalıların gözündə Hillarini uduzdururdu. Üstəlik, ortada Hillarinin qatqısı olan bir hökumətlə bağlı korrupsiya söhbətləri də vardı. Belə söhbətlər Azərbaycan kimi olkələr üçün xarakterik olsa da, Amerika üçün xarakterik deyil: adın azacıq da olsa korrupsiya ilə bağlandısa, uğursuzluğun qaçılmaz olacaq.

Demokratlar partiyasının iki dönəm (8 il) hakimiyətdə olması, bu dönəmin ötəri də olsa ABŞ-a gətirdiyi durğunluq, üstəlik, Liviyadakı, Suriyadakı uğursuzluqlar, ABŞ-ın söz yiyəsi olmağa – “Yeni Orta Doğu” projesini gerçəkləşdirməyə çalışdığı regionda İŞİD kimi aşırı aqressiv qruplaşmanın (“islam dövləti”) superdövlətə meydan oxuması amerikalıların gözündə,sözsüz, demokratlar partiyası ilə birlikdə Hillariyə də keçilməsi çətin minuslar qazandırırdı. Bütün bunlar azmış kimi, Barak Obama da Hillariyə arxa durur, açıq-açığına onun seçilməsinə çalışırdı. Bu fakt da istər-istəməz Hillarinin antireklamına çevrilməyə bilməzdi. Prezidentliyinin başlanğıcında Əfqanıstandan Amerika qoşunlarını çılxaracağını bildirən Obama prezidentliyinin sonlarında ABŞ-ı Suriyada savaşa sürükləmişdi. Ortadakı İŞİD faktı ilə bağlı bu savaşın suçlularından biri Hillari sayılırdı…

Amerika xalqı dəyişiklik istəyirdi

Bütün bunlara baxmayaraq, bir çox analitiklər, siyasətçilər, jurnalistlər Hillarinin prezident seçiləcəyini bildirir, gözləyirdilər. Amerikalıların Hillarini deyil, Trampı prezident seçmələri, sonrakı reaksiyalardan göründüyü kimi, dünyanı çaşbaş qoydu. Ortaya belə bir qlobal sual çıxdı: nə üçün Tramp? Hillarinin özünün davranışlarından, başlıcası da çox keçmədən onun Trampı qutlamasından bəlli olduğu kimi, seçkidə saxtakarlıq olmayıb. Çox önəmli olmasa da, bunu Amerikada demokratiyanın yoxluğu, seçkilərin saxtalaşdırılması ilə bağlı qabaqcadan həyasızcasına yalançı hay-küy qaldıran AzTV-lərin seçkidən sonrakı susqunluğundan da görmək olar. Ən azı, AzTV-lərin dediyi kimi olsaydı (demokratiya yoxluğu, seçki saxtalaşdırması) Amerika xalqı indiki hökumətin çabalarına, prezident Barak Obamanın ayrıca çağırışına qulaq saıb Hillariyə səs verərdi; ancaq… belə olmadı: xalq hökumətin, prezidentin seçdiyinə deyil, özünün seçdiyinə səs verdi. Bir sıra analitiklərin, jurnalistlərin qabaqcadan bildirdiyinə görə, xalq bu seçkidə “iki yamandan birinə” – Hillariyə səs verməli idi. Belə olmadı – proqnozlar doğrulmadı. ABŞ-dakı seçki ilə bağlı Londonda keçirilən qumarda da çoxluq Hillarini “seçmişdi”. Türkiyənin ünlü qəzetlərindən olan “Posta” qəzeti başqa qəzetləri qabaqlamaq üçün 9 noyabr sayında “Hillari başqan oldu” başlığı ilə çıxmışdı. Qəzet ertəsi günü (10 noyabr) “yol verdiyi tarixi yanlışa görə” oxucularından bağışlanmasını istəməli oldu. Bütün bu faktlar Amerika demokratiyasının uğuru, bundan daha artığı Amerika demokratiyasının dönməzliyi deməkdir! Eləcə də bu, Amerika xalqının demokratiyadan dönməzliyi deməkdir!!

Tramp dünyaya demokratiya dərsi keçdi

Hamının “siyasətdən uzaq adam” saydığı Tramp, belə desək, götürdüyü siyasi kursla dünyaya gerçək bir demokratiya dərsi keçdi. Onunla bağlı burada deyilənlər doğru idi: tikinti maqnatı, milyarder Tramp sözün birbaşa anlamında siyasətdən uzaq adam idi. Ancaq, görünür, bu bütünlüklə belə deyilmiş: Tramp çağını gözləyirmiş. Belədirsə, Trampı “siyasətdən uzaq adam” saymaq çox da yerinə düşmür. Tramp bu tezisi az bir arada doğruladı. Çıxışlarını izləməklə, üstəlik, demokratların son səkkiz ildəki siyasətlərini tutuşdurmaqla, mən hələ 5-6 ay qabaqdan amerkalıların Trampı seçəcəyini demişdim. Qabaqcadan Feysbukda yazdığım kimi, seçki günü yaxınlaşdıqca məndə Trampın seçiləcəyinə inam daha da artmışdı.Nə üçün? İndilik Demokratlar partiyasının son səkkiz ildəki yanlışlarını, büdrəmələrini, uğursuzluqlarını bir qırağa qoyaq – bunlar, yuxarıda da deyildiyi kimi, Trampa üstünlük qazandıran faktorlar idi. Burada bundan qat-qat önəmlisi – başlıca uğur faktoru!- Trampın özünə qazandırdıqlarıdır. Bunlar nədir? Bunlar Trampın analitiklərə, siyasətçilərə, jurnalistlərə xoş gəlməyən seçkiqabağı çıxışları- ritorikasıdır. Bax, Tramp seçkini, belə desək, demokratik intelligensiyanın bəyənmədiyi, yararsılz saydığı çıxışları-ritorikası ilə qazandı!

Tramp çıxışlarında Hillari kimi siyasət-demokratiya yüksəyinə qalxıb danışmırdı. Yox, Tramp belə etmir, belə etməklə özünü xalqdan uzaqlaşdırmırdı. Tramp siyasətin-demokratiyanın içinə girməklə istər-istəməz xalqla bağlanırdı. Tramp müsəlman miqrantların Amerikaya axınına qarşı çıxırdı; meksikalıların Amerikada iş yerlərini, sənayeni ələ keçirib amerikalıları işsiz qoyduqlarını söyləyir, prezident seçilərsə, bütün bunlara son qoyacağını deyidi. Hilları başda olmaqla bir çoxları bu  çıxışlara görə Trampı antidemokratik baxışlı olmaqda suçlayırdı. Gerçəkdə isə Trampın bu baxışlarında antidemokratik nəsə yox idi: Tramp Amerika xalqının gündəlik sorunlarını, qayğılarını, gələcəklə bağlı qorxularını dilə gətirirdi. Bu isə demokratiya yüksəkliyindən deyil, demokratiyanın içindən çıxış etmə faktı idi. Meksikalıların axınından  işsizlik yaşantısı, müsəlmanların axınından terror qorxusu, bunlarla birgə dinc, gözəl gələcəyi  itirmə yaşantısı ilə üzləşən amerikalılar “bütün bunlara qarşı çıxan”, prezident seçilərsə, “bütün bunlara son qoyacağını” bildirən Trampa səs verməyə bilərdilərmi?! Tramp demokratiyanın İÇİNDƏ, Hillari DIŞNDA idi. Bu isə Trampın xalqa Hillaridən ən azı “bir köynək” yaxın olması görsənişini yaradırdı. Xalq eşitdiyinə deyil, gördüyünə səs verməli idi. Elə də etdi…

Trampın nə edəcəyi, necə edəcəyi sonranın işidir. Demokratiya ortamında xalq özünün istəyinə səs verir, başqasının istəyinə yox. Sonrakı gəlişmələrdən asılı olmayaraq, Trampın istəyi xalqın istəyi idi – elə demokratiya da budur!