Seçki məsələləri üzrə ekspert, sabiq vicdan məhbusu Anar Məmmədli ABŞ-da keçirilən son seçkilərdən yazıb onun qeydlərini təqdim edirık.
ABŞ-da keçirilən prezident seçkisinin nəticələri sabah bilinəcək. Kimin qalib gəlməsindən asılı olmayaraq, bu seçkini tənqid edənlər olacaq. Məsələn, Trumpın məğlub olacağı təqdirdə məhkəməyə müraciət edəcəyi, bununla da dünyanın dörd bir yanında özü kimi populistlərə seçkiləri gözdən salmaq üçün bəhanə verəcəyi gözləniləndir.
Amma tənqidlərlə yanaşı, bu seçkilərin gedişatından bəzi müsbət nəticələri də çıxarmaq olar. Beləliklə, apreldən başlayaraq imkan daxilində izlədiyimseçki marafonundan diqqətimi çəkən məqamları bölüşmək istərdim:
1) ABŞ-da sağçı populizmin lideri kimi Donald Trump seçkiyə ciddi damğasını vurdu və seçki dövründə həyacan və əndişəni artırdı. Əslində sağçı populizm dünyanın bir çox inkişaf etmiş ölkələrində güclənməkdədir və Trumpın performansı heç də digər ölkələrdəki populistlərdən fərqlənmir. Əndişə doğuran Trumpın ABŞ kimi superdövlətdə qələbəyə ciddi şəkildə yaxınlaşmasıdır.
2) Berni Sandersin Demokratlar düşərgəsində keçirilən ilkin seçkilərdə iştirakı və böyük dəstəyi ABŞ siyasi sistemində ikipartiyalı qarşıdurmadan yorulan narazı elektoratın varlığını ciddi şəkildə nümayiş etdirdi. Demokratların “sosial dövlət” ideyasına bundan sonra daha çox diqqət ayırması zəruri və aktual mövzuya çevrildi.
3) Seçki kampaniyasının bahalığı, eyni zamanda seçki fondlarının formalaşmasına məhduiyyətin qoyulmaması ABŞ seçki sistemini uzun illərdir ki, tənqid hədəfinə çevrilib. Siyasi yarışmada maliyyə vəsaitinin ciddi şəkildə rol alması seçki prosesində bərabərliklə bağlı prinsipin pozulması yönündə əsas nöqsan kimi dəyərləndirilir. Bəzi ekspertlərin fikrincə, Trumpın Ağ evinin iki addımlığınadək irəliləməsində onun seçki kampaniaysına tükənməz maliyyə ehtiyatları ilə qatılması ciddi rol oynayıb.
4) Həm İlkin seçkilər, həm də rəsmi seçki kampaniyasında müzakrə olunan mövzular heç bir ölkədə bu qədər çeşidli deyil; xarici siyasət kursu, milli təhlükəsizlik, işsizlik, miqrantlar, tibbi xidmət, təhsil, biznes, vergi sistemi və sair mövzular dünyanın heç bir ölkəsində bu qədər geniş və ətraflı müzakirə olunmur.
Bu, ABŞ-ın dünyada super güc olması ilə yanaşı demokratik seçki ənənələrinə malik olmasının göstəricisidir. Bir ölkədə seçkinin taleyinin məhz müzakirələr vasitəsilə həll olunması hakimiyyət dəyişikliyinin demokratik və dinc qaydada baş verməsinə ən mükəmməl örnəkdir.