“O məktəbə it də aparıb bağlasan, orda qalmaz”.


Köhnə kənd məktəbi

Lerikin Orand kəndindəki Əhəd Rzayev adına orta məktəb-in acınacaqlı durumundan AzadlıqRadiosuna kənd sakini Fəxrəddin Vəliyev danışıb. Məktəb mövsümünün açılmasından iki aya yaxın ötsə də, onun nəvələri məktəbə getmir. “Səbəb nədir” sualını belə cavablayır:

“Kəndimizdəki məktəb binasını 1980-ci illərdə kənd camaatı özü tikib. Heç o vaxt da dövrün tələbinə cavab vermirdi, maddi-texniki bazası aşağı səviyyədə idi. Məktəbimiz şagird sayına görə rayonun 10 qabaqcıl kənd məktəblərindən biri hesab olunur. 20-30 məktəblisi olan kəndlərə 120-180 yerlik məktəblər tikilib, bizə çatanda deyirlər, gözləyin. Məktəbimizin binasından nəinki təhsil ocağı, heç ferma kimi də istifadə etməzlər. Özü də bu məktəb Qarabağ şəhidinin adını daşıyır.Məktəbin istismar müddəti çoxdan ötüb. O məktəbə it də aparıb bağlasan, orda qalmaz. Döşəməsi, tavanı qırıq-qırıqdı. Uşaqlar üşüyür, istilik yoxdur. Siniflərin sayı o qədər az, otaqlar o qədər darısqaldır ki, uşaqlar az qalır bir-birinin qucağında otursun. Bir parta arxasında 3-4 uşaq əyləşir. Qız uşaqları oğlan uşaqlarıyla eyni stulda oturur. Mən qız uşaqlarını o məktəbə niyə buraxım ki?. Hökumət təzə məktəb tikmək haqqında fikirləşməkdənsə, 200 uşağı zorla 8 sinif otağına sığışdırır”.