“Hamınız Rusiyadan qayıdıb iş üçün darışmısız canımıza, haradan iş tapaq sizə”

Masallı sakini Seyran Cəfərov bu barədə düz 1 ildir ki, baş sındırır. Deyir, 40 yaşı var, hərbi xidmətini başa vurandan Sankt-Peterburqa narıngi, limon aparır, ilin çox hissəsini orada qalıb alverlə məşğul olurmuş. Gömrük xərcləri artandan narıngi ağacda çürüyür, iri həyətin zibilinə çevrilir: “Hər il narıngi vururduq. İşlərimiz əla gedirdi. İndi həm gömrük bahalaşıb, həm də ruslar bazarda “qaraları” yaman sıxışdırır. 1 ildir əmim oğluyla oturmuşuq rayonda, əlimizi ağdan qaraya vura bilmirik. Gömrük problemləri tamam həvəsdən salıb. Nəylə məşğul olaq, pulu haradan qazanaq, necə dolanaq ki, acından ölməyək, bilmirik.Bax, bu dəqiqə narıngi ağacda qalıb. Bir azdan çürüyüb töküləcək. Adam baxa-baxa qalır. Oktyabrın əvvəli dostumun yükünü keçirməyə cəhd elədik, baxdı ki, bu narıngini aparıb Rusiya bazarlarında ən baha qiymətə satsa, xeyir qalmır. Bakıya aparmaq da sərf eləmir. Guya monopoliyanı yığışdırdılar, boş söhbətdir. Sərhədin o tayına gedən də, bu tayına qayıdan da 5-10 adamın yüküdür. Gömrükdə, az qala, çəkdiyin nəfəsə görə də pul alırlar”.%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-12

Ticarətdən bir şey çıxmadığını görən Seyran Cəfərov Masallıdakı Məşğulluq Mərkəzinə gedib. Deməsinə görə, onun iş müraciəti mərkəz işçilərini “əsəbləşdirib”:

– Yeni il tətilləri bitəndən sonra yaxınlaşdım ki, görüm mənlik nə iş var. Sən demə, məndən öncə Rusiyadan gəlmiş nə qədər adam müraciət edibmiş. Dedilər, “hamınız Rusiyadan qayıdıb iş üçün darışmısız canımıza, haradan iş tapaq sizə”. 11-ci aydır ki, gedib-gəlirəm. Deyim də sizə necədir – deməli, ixtisasca həkimsənsə, deyirlər, “həkim işi yoxdur, süpürgəçi işi var”. Əlbəttə, bilirlər ki, ixtisasca həkim olan süpürgəçiliyə razılaşmayacaq. Əgər süpürgəçi işləmisənsə, deyirlər, “həkim lazımdır, süpürgəçi lazım deyil”. Yəni, adamları ələ salırlar. Əlindən nə gəlmirsə, onu təklif edirlər, bilirlər ki, imtina edəcəksən.