Ermənistanda qazın qiyməti endirilir

qazprom-ermeniBu il Ermənistanda ikinci dəfə təbii qaz tariflərinin endirilməsi bəyan edilib.

“Qazprom-Armeniya” şirkəti Ermənistan istehlakçılarına satılan təbii qazın tariflərini dəyişmək təklifi ilə ölkə İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına müraciət etdyini bildirib.

Qaz tariflərinin yenidən nəzərdən keçirilməsi sentyabr ayında Ermənistan baş naziri vəzifəsinə təyin olunmuş Karen Karapetyanın ilk sərəncamlarındandır.

Yeni baş nazir ölkə istehlakçılarını “statuslarına” görə qruplara bölərək, hər qrup üçün ayrıca tarif təyin etməyi təklif edir.

İndiyədək tariflər ay ərzində 10 min kub metrdən az ya çox təbii qaz işlədən istehlakçılar üzrə hesablanırdısa, yeni qaydaya əsasən, ailə yaxud sosial müavinəti alan istehlakçılar, istixana təsərrüfatları və emaletmə müəssisələri üçün ayrı-ayrı tariflər təyin edilməlidir.

  • Ayda 10 min kub metrədək təbii qaz istifadə edən istehlakçılar 1 min kub metr qaz üçün əvvəlki 146 700 dram (308 dollar) əvəzinə 139 000 dram (292 dollar) ödəyərlər.
  • Ailə və yaxud sosial müavinəti alan istehlakçılar üçün qazın qiyməti bundan da ucuz – 1 min kub metri 100 000 drama (təxminən 210 dollar) başa gələr, lakin bu sosial qrupun aylıq qaz istehlakının həcmi 50 kub metrdən artıq olmamaq şərti ilə.
  • İstixana təsərrüfatları və emaletmə müəssisələri üçün qazın tarifi 10 faizədək endirilərək təxminən 212 dollar təşkil edə bilər.
  • Hazırda ayda 1 min kub metr üçün 257 dollar ödəyən 10 min kub metrdən artıq qaz istifadə edən istehlakçılar üçün eyni həcmdə sərf edilmiş yanacaq 242 dollara başa gələcək.