Zaqatala rayonundan APA-ya daxil olan müraciətdə bildirilib ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasından xəstənin təcili yardım maşınları ilə Bakıya gətirilməsi müşkülə çevrilib. Belə ki, xəstənin yaxınları onu Bakıya gətirmək istəsə də, təcili yardım buna icazələrinin olmadığını deyib. Bildirilib ki, təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir. Belə olduğu halda, Bakıdan təcili yardım maşını göndərilməli, o xəstəni götürərək Bakıya qaytarmalıdır. Bundan əlavə, xəstə Bakıya aparılsa belə, onun özəl xəstəxanalara yerləşdirilməsinə icazə yoxdur. Xüsusi hallarda xəstə təcili yardım briqadaları vasitəsilə Bakıya gətirilərsə, onlar yalnız əvvəldən müəyyənləşdirilən bəzi xəstəxanalara yerləşdirilir. Bu qaydalar yalnız Zaqatalada deyil, digər şəhər və rayonlarda da tətbiq edilir.
Təbii ki, istənilən halda xəstəyə vaxtında tibbi yardımın edilməməsi müəyyən problemlərə, hətta ölümə də səbəb ola bilər.
Səhiyyə eksperti Adil Qeybulla deyib ki, bu sahədə heç bir qadağa ola bilməz. Onun sözlərinə görə, istənilən şəxs, istənilən yerdə (Azərbaycanda və ya xaricdə) tibbi xidmətdən istifadə edə və ya əməliyyat etdirə bilər: “Bütün sivil dünyada belədir. Normal, inkişaf etmiş ölkələrdə insanlar tibbi sığorta ilə səhiyyə sisteminə güvənir və lazımı tibbi prosedurları, əməliyyatları həyata keçirir. Amma sığorta ilə bu cür yoxlanmalar həm məhəlli, həm mərkəzi ola bilər. Amma özəl şəkildə öz vəsaiti hesabına seçim insanın özündən asılıdır və ona heç kim mane ola bilməz. Regionların inkişafı məsələsinə gəlincə, səhiyyə dünyanın hər bir yerində elə qurulub ki, insan yaşadığı yerdə güvənli şəkildə tibbi xidmətdən yaralana bilsin. Məsələn, Türkiyədə istər Ankara, istər İstanbul, istər İzmir və digər yerlərdə səhiyyə yüksək səviyyədə təşkil olunub. Ona görə də vətəndaşın hansısa tibbi müdaxilədən ötrü İstanbula gəlməsinə ehtiyac qalmır. Biz də bu cür səhiyyə qurmalıyıq. Bu məsələ administrativ üsullarla yox, səhiyyəyə güvən, yüksək inkişafla həll edilməlidir. Ona görə də vətəndaşa cərrahiyyə əməliyyatını istədiyi yerdə həyata keçirməyə icazə verilməlidir. Bu, onun şəxsi işidir. Yox, əgər icbari tibb sığorta olsa, onu maliyyələşdirən müəssisə özü müəyyən edəcək ki, tibbi xidmətlər harada icra olunsun”.
A. Qeybulla qeyd edib ki, bu gün Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmadığı üçün bu məsələdə vətəndaşlar sərbəst olmalıdır.Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov qeyd edib ki, xəstənin regionlardan Bakıya gətirilməsi üçün hansısa vacib sənəd olmalıdır. Onun sözlərinə görə, bütün təcili yardım maşınlarına CPRS sistemi qoyulub və onların gediş-gəlişi barədə məlumat əldə olunur: “Rayondan çıxanda təcili yardım maşını bunun səbəbləri barədə məlumat verir. Ürəyi istəyən hər kəsin təcili yardımla Bakıya getməsi mümkün deyil. Bütün rayonlarda Bakıdan da yaxşı şərait yaradılıb. Ehtiyac olduqda Bakıdan rayona bütün sahələr üzrə lazımi mütəxəssislər göndərilir”.
M. Cəlalov qeyd edib ki, xəstələrin regiondan paytaxta gətirilməsi ilə bağlı qadağanın qoyulması ilə bağlı tapşırıq verilib. Ehtiyac olmadığı halda xəstələrin təcili yardımla rayondan Bakıya gətirilməsinə icazə verilmədiyini deyən baş həkim vurğulayıb ki, regionlarda lazımi təchiz olunan xəstəxana varsa, orada çalışan həkimlər də eyni institutu qurtarıb, eyni həkimlərdir: “Əvvəllər rayonlarda müasir avadanlıqlar yox idi. Amma bu gün bütün xəstəxanalarda lazımi avadanlıqlar var, böyük əməliyyatlar icra edilir.